Yeni daşnak-bolşevik ittifaqı. AXC-nin
şimal sərhədlərində ağqvardiyaçıların təcavüzü
ehtimalına qarşı güclü müdafiə-istehkam
sistemi yaradılmış və xüsusi qoşun hissələri
yerləşdirilmişdi. Onların müqaviməti
sovet təcavüzünə ciddi maneə yarada
bilərdi. AXC-nin şimal sərhədlərinin müdafiəsinin
zəiflədilməsi məqsədilə sovet
hökuməti ermənilərin xəyanətkar xislətindən
istifadə etməyi qərara aldı. Belə ki sovet
Rusiyasının AXC-yə müdaxiləsi ərəfəsində
Ermənistan Azərbaycan ərazisi
hesabına öz iddialarının təmin olunması
şərtilə sovet hökumətinə yardımını təklif
edirdi.
1920-ci il martın 22-nə keçən gecə Qarabağda
separatçı erməni qüvvələri Ermənistanın
yardımı ilə Şuşa, Xankəndi, Əsgəran,
Xocalı və Tərtərdə yerləşən Azərbaycan Milli
Ordu hissələrinə eyni vaxtda hücum etdilər.
Milli Ordumuzun Əsgəranda yerləşən 50
nəfərlik dəstəsi sayca dəfələrlə çox olan erməni
quldurları ilə qəhrəmancasına vuruşaraq
sona kimi döyüş meydanını tərk etmədi.
Düşmən buranı ələ keçirsə də, digər
istiqamətlərdə uğursuzluğa düçar oldu.
AXC hökuməti Qarabağda erməni silahlı
qüvvələrinin basqınlarının artmasının yaratdığı
təhlükəni nəzərə alaraq ölkənin şimal
sərhədlərində yerləşdirilmiş Milli Ordu hissələrinin
böyük bir qismini Qarabağa göndərməli
oldu.
Aprelin 2-də Əsgəran yaxınlığında baş
verən döyüşdə Milli Ordumuzun hissələri
erməni dəstələrini ağır məğlubiyyətə uğradaraq
Əsgəran və Xocalını azad etdi.
Düşmənin bir sıra mühüm dayaq
məntəqələrini ələ keçirən Azərbaycan ordusu
Şuşa yaxınlığında baş verən döyüşlərdə
erməni dəstələrinin Qarabağda ən
güclü dayaq nöqtəsi olan Keşiş kəndini də
ələ keçirdi. Ermənistanın ordu hissələrinin
Qazax və Naxçıvana basqınlarının artması
ilə bağlı AXC hökuməti Milli Ordunun
müəyyən hissəsini ölkənin qərb sərhədlərinin
müdafiəsinə göndərməyə məcbur
oldu.
Aprel işğalı ərəfəsində Ermənistanın AXC-yə qarşı
çirkin siyasətinin nəticələrini necə qiymətləndirirsiniz?