oldu. Camaatlığın əlverişli coğrafi mövqeyi
var idi. Bir tərəfdən Gürcüstan, digər tərəfdən
isə Dağıstanla sərhəddə yerləşən bu
ərazi Azərbaycanın içərilərinə doğru hərəkət
etmək üçün də mühüm strateji məntəqə
idi. Dağlı xalqlarının Rusiyaya qarşı azadlıq
mübarizəsinin getdiyi bir vaxtda camaatlığın
işğal edilməsinə çar hökuməti böyük əhəmiyyət
verirdi. Car-Balakənin işğalı dağlı
xalqlarının Şimali Qafqazda genişlənən
azadlıq hərəkatının cənubla əlaqəsinin kəsilməsinə
hesablanmışdı.
1803-cü ilin martında Qanıx (Alazan) çayı
sahilində baş verən döyüşdə üstün qüvvələrə
malik nizami rus qoşunları qalib
gəldi. Aprel ayında isə Tiflisdə Car-Balakən
camaatlığı ilə Rusiya arasında “Andlı öhdəlik”
adlanan müqavilə imzalandı. Bu müqavilə
ilə camaatlıq Rusiya himayəsinə keçdi.
Burada rus qoşunları yerləşdirilməli, əhali
ipəklə xərac verməli və Tiflisə girovlar göndərməli
idi. Lakin bu şərtlərə əməl olunmadığından
1804-cü ilin əvvəllərində Car-
Balakənə yenidən rus qoşunları yeridildi.
Car tutulsa da, Zaqatala yaxınlığında baş
verən döyüşdə əhali rus qoşunlarını darmadağın
etdi, general Qulyakov isə öldürüldü.
Lakin bu qələbəyə baxmayaraq, buraya
çoxsaylı rus qoşunları yeridən general Sisianov
bir qədər sonra yenidən Car-Balakən
camaatlığını, həmçinin İlisu sultanlığını
özünə tabe edə bildi.
Car-Balakənin işğalının nəticələri haqqında fikir
yürüdün.
Gəncənin qəhrəman müdafiəsi. Sisianovun
digər hədəfi Gəncə xanlığı idi. Bunun bir sıra
səbəbləri vardı. Gəncə xanı Cavad xan ruslara
qarşı mübarizədə xanlıqlara müraciət etmiş,
I Aleksandrın 1801-ci il “Manifest”indən sonra
Şəmşəddili bir müddət öz himayəsi altına almışdı.
Azərbaycan torpaqlarının işğalını qarşısına
məqsəd qoyan ruslar üçün Gəncə həm
də böyük strateji əhəmiyyət daşıyırdı.
Azərbaycanın qərbində əsrlər boyu güclü
qala rolunu oynamış Gəncənin işğalı digər
xanlıqların da tabe etdirilməsini asanlaşdıra
bilərdi. Gürcü əsilli general Sisianov bu xanlığın
ələ keçirilməsinə böyük önəm verirdi.
Onun rus himayəsinə keçmək haqqında