TÜRK-MONQOL DÖVLƏTLƏRİ
99
Monqol istilasının ilk dövrlərində bir çox şəhərlər yandırılıb dağıdılmışdı. Sonralar karvan yollarında təhlükəsizliyin təmin edilməsi və ölkələr arasında əlaqələrin asanlaşması ilə iqtisadi və mədəni həyat canlanmağa başlamışdı. Gömrük sisteminin və nəzarətin başqa növlərinin sadələşdirilməsi sayəsində Şərqi Avropadan Çinə qədər uzanan on min kilometrdən artıq məsafəni bir neçə aya qət etmək imkanı yaranmışdı. Bu o zaman idi ki, bir-biri ilə çəkişmələr, mücadilə aparan Avropada sərhəd problemləri və digər anlaşılmazlıqlar üzündən minkilometrlik məsafəni üç aydan da çox müddətə güclə qət edirdilər.
Qızıl Ordu dövründə İdil (Volqa) çayının aşağı hissələrində iyirmidən çox şəhər salınmışdı. Bu şəhərlərdən ən böyüyü olan Saray-Bərkənin əhalisinin sayı təxminən yüz mindən çox olmuşdur. Qızıl Ordu əhalisinin bir hissəsi İdil (Volqa) və Yayık (Ural) çaylarının hövzələrində yerləşən Saray, Qazan, Həştərxan kimi böyük şəhərlərdə ticarət edirdi. Əhalinin xeyli hissəsi köçəri heyvandarlıqla məşğul olurdu. Bu dövrdə torpaqlar, otlaqlar, əsasən, monqol və türk zadəganlarına məxsus idi. Əhali bu torpaqları becərir, məhsulun müəyyən bir hissəsini vergi olaraq öz bəylərinə verirdi.
Cığatay xan və onun törəmələri tərəfindən idarə olunan Mavəraünnəhr və Yeddisu bölgələrində daha çox oturaq həyat tərzi üstünlük təşkil etmişdi. Bu dövrdə Karşı, Səmərqənd, Buxara, Taraz və Qaşqar şəhərləri iqtisadi və mədəni mərkəzlər idi. Elxanilər dövlətində isə Təbriz şəhəri dünyanın ən öndə gedən ticarət və mədəniyyət mərkəzi olmuşdu.
Bu dövrdə Çan-Çun (Daos rahibi, əsl adı Çyu Çyutzi idi), Rubruklu Uilyam, Marko Polo, İbn Bəttutə kimi səyyahlar türk-monqol ölkələrini gəzmiş, bu xalqların dili, yaşam tərzi, adət-ənənələri və başqa mədəni xüsusiyyətləri haqqında məlumat toplamışdılar. Bu səyyahların əsərləri sayəsində dünyanın digər xalqları, ilk növbədə Avropa və Yaxın Şərq xalqları türk-monqol mədəniyyəti ilə yaxından tanış olmuşlar.
Həmin dövrdə yaşamış tarixçi və dövlət xadimləri Əlaəddin Ata Məlik Cüveyni “Tarixi Cihan-Güşa” (“Cahan fatehinin tarixi”) və Rəşidəddin Fəzlullah Həmədani “Cami üt-Təvarix” (“Tarixlərin cəmi”) əsərlərini yazaraq türk-monqol xalqlarını dünyaya tanıtdırmışlar. Nəsirəddin Tusi riyaziyyat və astronomiyaya dair əsərləri ilə məşhurdur.
“Hökmdar xalqın rifahının qeydinə qalmalı, onun üçün qayğılanmalı və ədalətli olmalıdır. Dövlət yalnız ədalətli olduğu zaman uzun müddət yaşaya bilər. Ədalətin birinci şərti xalqın müxtəlif qrupları arasında ahəng yaratmaqdır”.
Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”. Bakı, 2005, səh. 228
Siz Nəsirəddin Tusi dövrünün hökmdarı olsaydınız, hansı idarəçilik prinsiplərinə diqqət yetirərdiniz?