98
TÜRK-MONQOL DÖVLƏTLƏRİ
manlara üstünlük vermişdilər. Xarəzmli qədim tacirlər nəslindən olan Mahmud Yalavac bunun parlaq nümunəsidir. Sədaqətli xidmətlərinə görə ona Yuan dövlətinin paytaxtı Xanbalıq (Pekin) şəhərinin valisi vəzifəsini vermişdilər.
Çingiz xan və onun törəmələri dünya tarixində ən böyük imperiya qurduqları zaman qədim türk dövlət ənənələrini mənimsəyərək monqol ənənələri ilə birləşdirmişdilər. Bu türk-monqol siyasi birliyində, başqa türk dövlətlərində olduğu kimi, hökmdarlar xaqan, xaan, yaxud xan adlandırılırdı. Həmin dövrdə monqollara xas olan “nökər”lik (monqolca “dost”; daimi xidmətdəki əsgərlik) və “noyon”luq (sərkərdəlik) sistemi yaranmışdır.
Çingiz xan dövründə türk-monqol tayfa və xanlıqları bir-biri ilə qonşuluqda yaşamışlar. Onlar heyvandarlıqla bərabər, ovçuluqla da məşğul olmuşlar. Çingiz xan Cənubi Sibir, Altay və Mərkəzi Asiyanın digər bölgələrindəki türk-monqol tayfalarından ibarət sərt nizam-intizamı olan güclü bir ordu yaratmışdı. Nayman, kerey, konqurat, cəlairi, manqıt, tatar, kıyat, barlas, dulat, kidan kimi türk, monqol və tunquzmənşəli tayfalar Çingiz xanın ordusunun özəyini təşkil edirdi. Onun ordusu mərkəz, şərq və qərb qollarından ibarət olub, tümən (onminlik), minlik, yüzlük və onluqlara bölünürdü. Bu quruluş Hun və türk imperiyalarının tarixi və ənənəvi davamı idi.
Monqol imperiyasının sərhədləri Macarıstandan Koreyaya, Şimali Hindistan, Fars körfəzi, Suriya və Anadoludan Şərqi Avropa, rus knyazlıqları və Sibirə qədər genişlənmişdi. Ona görə də Monqol imperiyasında yüzlərlə müxtəlif xalq və tayfaların bir yerdə yaşamaları heç də təəccüblü deyil. Bunların arasında türk tayfalarının, demək olar, hamısı, çinlilər, tibetlilər, koreyalılar, ruslar, farslar, ərəblər, kürdlər və Qafqaz xalqları, həmçinin yunanlar, macarlar, Şərqi Avropa slavyanları və başqaları vardı. İqtisadi və mədəni həyatlarına görə bu xalqlar bir-birindən fərqlənirdi. İmperiyanın əsas əhalisi və hakim zümrənin önəmli hissəsi türklərdən ibarət olmuş və bu, sonralar qərbdəki uluslarda yaşayan monqolların bir çoxunun öz dillərini unudaraq türkləşməsinə yol açmışdır.
Elxanilər tərəfindən idarə olunan İran və Cənubi Qafqaz ərazisində isə farslar, türklər, ərəblər və başqa xalqlar bərabər yaşamışdılar. Onlar həm oturaq, həm də köçəri həyat sürmüşlər.
Qızıl orduda kargüzarlıq işlərində, rəsmi yazışmalarda qədim türk (uyğur) yazısından istifadə etmişlər. Hökmdar sarayında eyni vaxtda həm türk, həm də monqol dili işlənirdi. Dövlətlərarası münasibətlərdə isə başqa yerli dillərdən də istifadə olunurdu.