TÜRK-MONQOL DÖVLƏTLƏRİ
95
keçmişdir. Bu dövrdə iqtisadiyyat inkişaf etmiş, Kebek tərəfindən ilk Cığatay pulları zərb olunmuşdur. Bu oturaq həyat tərzi və şəhərləşmə ilə birlikdə əhalinin islamlaşması ilə türkləşməsi prosesi baş vermişdir.
Bu dövrdə Mavəraünnəhrdə məskunlaşmış və şəhər mədəniyyətinə uyğunlaşaraq türkləşmiş Qərbi Cığatay xanlığının əhalisi özlərini Cığataylı adlandırmağa başlamışdır. Bəzi tarixçilər onları həm də Cığatay türkləri, danışdıqları ədəbi dili isə Cığatay dili və ya Cığatay türkcəsi adlandırmışlar.
XIV əsrdə Cığatay dövləti parçalandı: Altışəhr (Yarkənd xanlığı), Moğolustan (Yeddisu - Şərqi Türküstan) Mavəraünnəhr bölgələri eyni sülalənin müxtəlif qolları tərəfindən idarə olunmağa başladı. Dövlətin şərqində taxta çıxan Tuğluq Teymur qərb bölgələrini birləşdirərək Cığatay xanlığının ərazisini yenidən bərpa etdi.
Cığatay dövlətinin siyasi həyatında barlas, cəlairi, arlat, konqurat, arqın, duqlat kimi türk-monqol tayfalarından olan sərkərdələr böyük nüfuza malik idilər. Hərbi xidmətləri qarşılığında onlara “soyurqal” adlanan (hədiyyə olunmuş torpaq) əlverişli torpaqlar verilirdi. Sonralar dövlətin Yeddisu və Şərqi Türküstan bölgələrində dulatlar, Mavəraünnəhrdə isə barlaslar dövlət idarəsində böyük nüfuza malik oldular.
Cığatay dövləti dağıldıqdan sonra onun şərq hissəsində Cənub-Şərqi Qazaxıstan, Qırğızıstan və Şərqi Türküstan hüdudlarındakı ərazilərdə XIV əsrin ortalarından XVI əsrin əvvəllərinə qədər Moğolustan xanlığı mövcud olmuşdur. Əvvəlcə dövləti dulat tayfasından olan Bolatşı idarə edirdi. Dulat, kereit, arqın, barlas, kanqlı, cəlairi, həmçinin qırğız tayfaları dövlətin əsasını təşkil edirdi. 1348-ci ildə Tuğluq Teymur taxta çıxdı. Dövlətin paytaxtı İli çayının yuxarı hövzəsində yerləşən Almalıq şəhəri idi. Tuğluq Teymur 1360-1361-ci illərdə Mavəraünnəhrə yürüş edib qayıtdıqdan sonra hakimiyyəti oğluna tapşırıb tez bir zamanda vəfat etdi. Bundan sonra taxta İlyas Xoca çıxdı. 1365-ci ildə Daşkənd yaxınlığında onunla Əmir Teymur arasında şiddətli döyüş baş verdi. Bu döyüşdə Əmir Teymur məğlub oldu. Bundan sonra Əmir Teymurun yürüşləri davam etdiyinə görə, Moğolustan dövləti tamamilə zəiflədi. 1405-ci ildə Əmir Teymurun ölümündən sonra Moğolustan yenidən müstəqil dövlət oldu. XVI əsrin əvvəllərinə doğru Moğolustan dövləti parçalanmağa başladı.
“Tarixi-Rəşidi” adlı əsərdə Moğolustan dövlətinin ərazisi belə təsvir olunur: “Moğolustan adlanan ölkənin uzunluğu və eni yeddi-səkkiz aylıq yoldur. Şərqdə Barısgöl, Emel və İrtış da daxil olmaqla kalmıkların torpaqları ilə, şimalda Gökçədəniz (Balxaş), Türküstan və Daşkəndlə, cənubda isə Fərqanə vilayəti, Qaşqar, Ağsu, Çalış və Turfanla həmsərhəddir”.