TÜRK-MONQOL DÖVLƏTLƏRİ
93
Seyfi Sarayi
Qızıl Ordu ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Seyfi Sarayi 1321-1391-ci illərdə yaşamışdır. O özünün “Gülüstan bit-Türki” (“Türk dilindəki Gülüstan”) əsərini Sırdərya sahillərində yazmağa başlamış, Misir Türk-Məmlük sülaləsi ərazisində, Nil çayı sahilində başa çatdırmışdır. Bu əsər məşhur fars klassik şairi Sədi Şirazinin “Gülüstan” adlı kitabının sərbəst tərcüməsidir. Əsərdə cəmiyyət və ailə, xeyir və şər, qəddarlıq və mərhəmət, ata və oğul, doğru və yalan, hökmdar və kəndli, ər və arvad, kiçik qardaşla böyük qardaş münasibətləri barədə suallara cavab verilir.
Qütb
Şair Qütb Dəşti-Qıpçaqın əsas siyasi və mədəni mərkəzlərindən biri olan Saray şəhərində yaşayıb-yaratmışdır. Onun ədəbi yaradıcılığı XIV əsrin ortalarına təsadüf edir. Qızıl Ordu və Misir Məmlükləri kimi iki böyük türk sülaləsinin sıx mədəni əlaqələr yaratmasında əməyi olan Qütb sonralar Misirdə yaşamışdır. Onun “Xosrov və Şirin” adlı poemasının (N.Gəncəvinin eyniadlı əsərinin ilk sərbəst tərcüməsi) qədim türk (uyğur) və ərəb hərfləri ilə ədəbi qıpçaq dilində yazılması türk mədəniyyəti tarixində böyük əhəmiyyətə malikdir. Bu əlifbalar Qızıl Orduda rəsmi qaydada istifadə olunurdu və hökmdarların fərmanları, əmrləri bu hərflərlə yazılırdı.
Sizcə, nə səbəbdən Seyfi Sarayi özünün “Gülüstan bit-Türki” əsərində cəmiyyət və ailə münasibətlərindən söz açır?
Codex Cumanicus (Kodeks Kumanikus)
“Kuman/qıpçaq lüğəti” kimi tanınan bu əsər XIII əsrin ortalarından XIV əsrin ortalarına qədər, təxminən 100 il ərzində italyan və almanların Qara dənizin şimalındakı qıpçaq türkləri arasından topladıqları qıpçaq dilinə aid məlumatlar əsasında yazılmışdır. İki bölmədən ibarət olan kitabın birinci bölməsi qıpçaqca-farsca-latınca, ikinci bölməsi isə qıpçaqca-almanca və qıpçaqca-latınca lüğətlərdən ibarətdir. “Codex Cumanicus”da yer alan sözlərə aid cümlələr, qıpçaq dilinə çevrilmiş xristian dualar, ilahilər, 47 qıpçaq tapmacası verilmiş və qıpçaq qrammatikasına aid bəzi qaydalar şərh olunmuşdur.