TÜRK-MONQOL DÖVLƏTLƏRİ
91
Bərkə xan (1258-1266) islam dinini qəbul etdi. O, 1260-cı ildə İdil çayının aşağı hövzəsində orta əsrlərin ən böyük şəhərlərindən biri sayılan Saray-Bərkə şəhərinin əsasını qoydu. Bərkə xan bütün monqol dövlətləri hökmdarlarının yığışdığı qurultaya getməkdən imtina etdi. Qızıl Ordu mərkəzdən asılı olmayan tam müstəqil dövlət oldu. O həm də başqa monqol sülaləsi ilə, Elxanilərlə (Hülakülərlə) vuruşurdu. Bərkə xan Misir məmlüklərinin sultanı Bəybarsla ittifaqa girərək Hülakünün başçılığı altında monqolların Hicazı işğal etmələrinin qarşısını almışdı.
Bərkə xanın ölümündən sonra Məngü Teymur xan (1266-1282), Toxta xan (1290-1312), Özbək xan (1312-1342) və Canıbəy xan (1342-1357) Qızıl Ordunun gücünü və qüdrətini qorumuşlar.
Canıbəy xanın ölümündən sonra taxt uğrunda mübarizə başladı.
Toxtamış xan 1380-ci ildə Əmir Teymurun dəstəyi ilə taxta çıxmış və bununla hakimiyyət uğrunda qarşıdurmalara son qoymuşdur. Sonralar Əmir Teymurun Qızıl Orduya qarşı yürüşlər təşkil etməsi və taxt uğrunda mübarizələrin yenidən başlaması dövlətin zəifləməsinə səbəb olmuşdur. Bu çəkişmələr nəticəsində zəifləyən Qızıl Ordu ərazilərində Çingizi şahzadələri tərəfindən bir neçə xanlıq qurulmuşdur. Bir qədər sonra Qızıl Orduda baş verən daxili çəkişmələr nəticəsində Moskva knyazlığı müstəqillik əldə etmişdir. Moskva knyazlığından qərbdəki əraziləri Krım xanlığı ələ keçirmiş və 1502-ci ildə Qızıl Ordu dövlətinin mövcudluğuna son qoyulmuşdur.