86
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
“Türklər iyirmi boydan ibarətdir. Bunların hamısı Nuh peyğəmbərin oğlu Yafəs, Yafəsin oğlu Türkdən törəyiblər... Rum (Bizans) ölkəsinə ən yaxın olan boy Peçeneqdir, sonra Qıpçaq, Oğuz, Yemek, Başqırd, Basmıl, Kay, Yabaku, Tatar, Qırğız boyları gəlir. Bu boyların hamısı Rum ölkəsi yanından şərqə doğru beləcə uzanıb gedir: Çigil, Tuhsi, Yağma, Uğrak, Çaruk, Çomul, Uyğur, Tanqut, Hıtay”.
“Bir qismi də bütün Mavəraünnəhrin hərtərəfini türk ölkəsi saymışdır. Bu bölgə Peykənddən (Buxara) başlayır... Mavəraünnəhrdən, Peykənddən şərqə türk ölkəsidir. Səmərqəndə Semizkənd deyilir. Necə ki Şaş (Çaç) şəhərinə Daşkənd deyildiyi kimi, Üzkənd, Tünkənd adları da vardır... Bu şəhərləri türklər qurub, adlarını da özləri qoyublar”.
Mahmud Qaşqarlının “Divanü lüğat-it-türk” əsərində adı çəkilən türk tayfalarının məskunlaşdığı əraziləri xəritədə müəyyən edin. Adları qeyd olunan şəhərlərin bu gün hansı ölkələrdə yerləşdiyini araşdırın.
Əl-Xarəzmi
Məhəmməd ibn Musa əl-Xarəzmi IX əsrdə Xarəzmdə yaşamış alim, riyaziyyatçı və astronomdur. O, gənc yaşlarında yunan və hind elmlərini mükəmməl öyrənmişdi. Əsasını qoyduğu “Beytül-Hikmə”də (Müdriklər evi) bir çox tanınmış elm adamları ilə bərabər elmi araşdırmalar aparmışdı. Onun gördüyü işlər Avropada İntibah dövrü elminin inkişafında böyük rol oynamışdı. Əl-Xarəzmi ilk dəfə olaraq cəbri riyaziyyatın ayrıca bir sahəsi kimi təqdim etmişdir. Cəbr termininin özü onun “əl-Cəbr” əsərinin adından götürülüb, əl-Xarəzmi ləqəbi isə alqoritm adlı riyazi terminə çevrilmişdir.
Əl-Xarəzminin arifmetika (hesab) elminə aid əsərləri Avropa universitetlərində əsas dərs vəsaiti kimi istifadə olunmuşdur.