İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
85
mərkəzləri rolunu oynayırdı. Xüsusən də Səmərqənd və Buxara din və elm mərkəzləri olaraq İslam dünyasında məşhur idi. Dünyanın uzaq bölgələrindən bu şəhərlərin mədrəsələrində təhsil almaq üçün gəlirdilər.
Bu dövrdə türk xalqlarının yaşadığı bölgələrin sərhədləri daha da genişlənmişdi. Türklər Asiya qitəsinin sadəcə mərkəzi və şimal-şərq hissəsində deyil, qitənin cənub-qərb hissəsində də əhalinin böyük hissəsini təşkil etməyə başlamışdılar. Bu dövrdə bir çox türk tayfaları yeni ərazilərə köç etmişdilər. Türklər Qəznəvi və Səlcuqlu dövlətlərinin hakimiyyəti altında olan ərazilərdə, Şimali Hindistan (indiki Pakistan), Əfqanıstan, İran, İraq və Suriya torpaqlarında yerləşərək buranın yerli əhalisi ilə bir arada yaşamağa başlamışdılar. Bununla bərabər, türk sülalələrinin idarə etdikləri ərazilərdə türklərin mədəniyyəti ərəb, hind, əfqan xalqlarının və Qafqazın yerli sakinlərinin mədəniyyəti ilə qarşılıqlı əlaqədə olmuşdur. Bu mədəni fonda adıçəkilən bölgələrin əhalisinin əksər hissəsinin eyni inanca, yəni islam dininə keçməsi baş verirdi. Bir çox türk alimlərinin öz əsərlərini fars və ərəb dillərində yazdığı, türk hakimlərinin Qəznə, Kabil, İsfahan, Rey, Bağdad, Şiraz, Təbriz və s. şəhərlərində mədrəsə, xəstəxana, məktəb, hamam, körpü və yollar inşa etdirdikləri məlumdur.
Bu dövrdə İpək yolunun Aralıq dənizindən Çinə qədər uzanan şimal və cənub xətləri türklərin nəzarəti altında idi. Türklərin şəhərlərarası yollarda təhlükəsizliyi təmin etməsi nəticəsində fars, ərəb, hind və çinlilərin ticarət karvanları öz ərzaq və mallarını uzaq məsafələrə maneəsiz çatdıra bilirdilər.
Türklərin məskunlaşdığı ərazilər erkən orta əsrlərə, xüsusilə türk xaqanlıqları (VI-IX əsrlər) dövrünə nisbətən xeyli genişlənmiş və türklər fərqli mədəniyyətlərlə tanış olmuşdular. Ərəb və fars mənbələrində Şərqi Avropadan Çinə qədər on min kilometrlərlə uzanan geniş ərazilərin Bilad əl-Türk (Türk ölkələri) kimi verilməsi bu dövrlərə təsadüf edir. Bu torpaqları qarış-qarış dolaşan Mahmud Qaşqarlı özünün “Divanü lüğat-it-türk” adlı əsərində türk tayfalarının yaşadıqları coğrafiyanı aşağıdakı kimi təsvir edirdi: