82
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
həmçinin Qafqaz və İranın bir hissəsini tutmuşdu. Əlaəddin Məhəmmədin əsas məqsədi Çini zəbt etmək idi. Onun kəşfiyyat qüvvələri Yeddisu və İli bölgələrinə qədər (Cunqariya darvazaları / Şərqi Türküstan) irəliləyərək bu torpaqlarda hökmranlıq edən qarakitaylara ağır zərbə vurmuşdu.
1220-ci ildə bütün Mərkəzi Asiya və ətrafları monqolların hücumuna məruz qaldı. Bu hücum Xarəzmşahlar dövlətinin varlığına son qoydu. 1221-ci ildə Xarəzmşahların paytaxtı olan Ürgənc şəhəri monqollar tərəfindən ələ keçirildikdən sonra Mərkəzi Asiyada monqolların hökmranlığı dövrü başlandı.
Əlaəddin Məhəmmədin oğlu Cəlaləddin Məngü Berdi monqollarla mübarizəni davam etdirərək cənuba geri çəkilmiş və Hindistana - Dehlinin hakimi, türkəsilli Eltutmuşun yanına getmişdi. Sonra o, İran və İraqdan keçərək Azərbaycana daxil olmuşdu. 1225-ci ildə o, Eldənizlər üzərində qələbə çalaraq Təbrizi tutmuş, Gürcüstanı işğal etmişdi. 1226-cı ildə Tiflisi tutduqdan sonra dövlətinin sərhədlərini Cənubi Qafqazdan Şərqi Anadoluya qədər genişləndirmişdi. 1230-cu ildə Yassıçəmən döyüşündə Anadolu Səlcuqluları tərəfindən məğlub edilən Cəlaləddinin vəfatından sonra (1231-ci il) Xarəzmşahlar dövləti süqut etdi.
Xarəzmşahlar dövləti qüdrətinin zirvəsində olarkən öz hakimiyyətini İran, Cənubi Qafqaz, Dağıstan, Oman dənizi, Əfqanıstan, Mavəraünnəhr, Xarəzm, həmçinin Balxaş gölü və Aral dənizi arasında yerləşən torpaqları əhatə edən geniş əraziyə yaymışdı. Xarəzmşahlar türk-müsəlman və İran mədəniyyətinin nümayəndələri idi. Onlarda dövlət idarəçiliyi sistemi Səlcuqlularınkı ilə oxşar idi. Xarəzmşahlar dövləti Mərkəzi Asiyada monqollardan əvvəlki dövrün sonuncu qüdrətli dövləti idi.
Bu dövrdə Ürgənc şəhəri (Xarəzm vahəsi) islam mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Xarəzmşahlar dövlətinin hərbi gücü, əsasən, oğuz, kanqlı və qıpçaq türklərindən ibarət idi.
Dövlətlərinin əldən çıxmasına baxmayaraq, Xarəzm türkləri on ildən çox bir müddət ərzində Hindistanda, İranda, Qafqazda və Şərqi Anadoluda monqollara qarşı mübarizə aparmışdılar. Cəlaləddin Məngü Berdinin rəhbərliyi ilə xarəzmli əsgərlərin göstərdikləri qəhrəmanlıqlar bir çox tarixi və ədəbi əsərlərin mövzusu olmuşdur. Çingiz xan öz oğullarına: “Cəsur oğul belə olar!” - deyə Cəlaləddini nümunə göstərmişdi. Şərqi Anadoluda şəhid olan bu cəsur şahzadənin döyüşçüləri burada məskən salıb yerli sakinlərlə qarışmışdılar. Anadoluda Xorzum, yaxud Xarəzm adlı kəndlərin mövcud olması buna sübutdur.