80
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
Gövhər Nəsibə xəstəxanası
Türkiyə Səlcuq sultanı I Qiyasəddin Keyxosrov vərəm xəstəliyinə düçar olmuş bacısı Gövhər Nəsibənin vəsiyyətini yerinə yetirərək xəstəxana (dar-üş-şəfa) tikdirmişdi. Kayseri şəhərində yerləşən bu xəstəxananın inşası 1206-cı ildə tamamlandı. Burada qadın, kişi, müsəlman, qeyri-müsəlman fərqi qoyulmadan hər kəs müalicə olunurdu. Xəstəxananın bütün xərcləri türk-müsəlman ənənələrinə uyğun olaraq xeyriyyə fondları (vəqf) tərəfindən ödənilirdi.
Bu xəstəxanada dinindən asılı olmayaraq hər kəsə yardım göstərilməsi türk mədəniyyətinin hansı dəyərlərinə söykənirdi?
Mövlana Cəlaləddin Rumi
Şair, mütəfəkkir və sufi Cəlaləddin Rumi 1207-ci ildə Bəlx bölgəsində anadan olmuşdur. Onun anası Bəlx əmiri Rüknəddinin qızı, nənəsi isə Xarəzmşahlar sülaləsindən bir türk şahzadəsi idi. O, Nişapur, Bağdad, Şam və Hələb şəhərlərində təhsil almışdır. Cəlaləddin Rumi 1220-ci ildə Konyaya (Türkiyə) köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. O, fars, ərəb və türk dillərində sufi şeirləri yazmışdır. Rumi on yeddi min beytdən, altı dəftərdən ibarət olan “Məsnəvi-i mənəvi” (“Dərin mənəvi məna daşıyan ikimisralı beyt; məsnəvi - klassik Şərq poeziyasının ölçülərindən biri”) adlı əsərini on ilə tamamlamışdır. Öz sufilik məktəbinin əsasını qoyan Rumiyə Mövlana (Əfəndimiz) adı verilmişdir. Onun əsərləri ilə bağlı Şərq və Qərb ədəbiyyatında çoxlu sayda araşdırmalar aparılmışdır. Cəlaləddin Rumi islama çox önəm verməklə bərabər, istər xristian olsun, istər yəhudi, hər kəsə sayğı göstərmiş və bu rəftarı ilə başqa dinlərin nümayəndələrinin də sevgisini qazanmışdı. O, 1273-cü ildə Konyada vəfat etmişdir.
Mövlananın ən mühüm əsəri olan “Məsnəvi”ni öyrənin və bəyəndiyiniz beyti sinifdə dostlarınıza oxuyun.