8
TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
Türklərin tarixinə dünya tarixinin ümumi kontekstində nəzər saldıqda aydın olur ki, sayı 30-dan artıq olan türk etnosu bütün dövrlərdə Asiya və Avropa əhalisinin xeyli hissəsini təşkil etmişdi və indi də edir. İlk növbədə, məlumdur ki, türk xalqları Avrasiyanın iki qitənin birləşdiyi və bir-birinə keçdiyi geniş bölgəsində yayılmış, burada və bu bölgə ilə qonşu olan ölkələrdə öz parlaq izlərini qoymuşlar. Minilliklər ərzində türklər ayrı-ayrı dillərdə danışan xalqları birləşdirən onlarla müxtəlif dövlət yaratmışlar.
Köçəri atçılığın inkişafı ilə yanaşı, şəhərtipli yaşayış məskənləri də yaranmağa başladı. Bunun sayəsində İpək yolunda ticarət əlaqələri də genişlənirdi.
Türk cəmiyyəti hərəsi bir əcdaddan törəmiş çoxlu sayda tayfadan ibarət idi. Köçəri tayfalar və qonşu xalqlar arasında ittifaqların yaradılması meyilləri mövcud idi. Bu ittifaqlar gələcəkdə qüdrətli dövlətlərin qurulmasına vəsilə oldu.
Əcdadları bir dildə danışmış qohum tayfaların ləhcə fərqləri həm də ona görə yaranmışdı ki, onlar bir-birilərindən uzaqda yaşamışdılar. Lakin dilin qrammatik strukturunun əsası yaxşı saxlanmışdı.
Türklər Asiya, Avropa və Afrika arasında mədəniyyət ötürücüləri rolunu oynamışlar. Bu missiyanı, ilk növbədə, öz malları ilə birgə mədəni dəyərləri də türk sülalələrinin güvənli himayəsi altında Çindən və Hindistandan Şərqi Avropaya, Uzaq Şərqdən Yaxın Şərqə daşıyan tacirlər və başqa ictimai qrupların nümayəndələri həyata keçirmişlər. Bundan əlavə, Avrasiyanın bir başından o biri başına hərəkət edərək yeni torpaqlara yiyələnən və orada öz dövlətlərini quran türklər, bəllidir ki, mütləq mədəni transformasiyaları da özləri ilə gətirmişlər.
Türk xalqları qədim zamanlardan onları əhatə edən qonşu etnoslarla -monqollar, çinlilər, hindlilər, İran və Qafqaz xalqları, yunanlar, slavyanlar, germanlar, fin-uqorlar və Sibirin qədim xalqları ilə mədəni mübadilə və qarşılıqlı əlaqələrdə iştirak etmişlər.