TÜRK XAQANLIQLARI
79
Şək. 4.18. Mərdəkan qalası (Abşeron). XII-XIII əsrlərdə Şirvanşahlar sülaləsi tərəfindən inşa edilən memarlıq abidələrindən biri. Bakı, Azərbaycan
Bu sülalənin axırıncı hökmdarları olan Əbu Bəkr (1191-1210) və Özbəyin (1210-1225) dövründə Səlcuqlu əmirlərinin və Xarəzmşahların (Anuştiginlər) müdaxiləsi nəticəsində dövlət zəifləmişdir. 1220-ci ildə Atabəylər monqollardan güclü zərbə almışdır. 1225-ci ildə isə xarəzmşah Cəlaləddin Məngü Berdi tərəfindən Atabəylərin siyasi varlığına son qoyulmuşdur.
Şərqi Anadoluda Artuklu (1102-1409), Suriyada Börülü (1104-1154) və Zəngi (1127-1250), Ərbildə (Şimali İraq) Begtegini (1144-1233), İranda Salqurlu (1148-1286) sülalələri Səlcuqlu dövründə bu dövlətin ərazisində müstəqil dövlətlər qurmuşdular.
Eldəniz tərəfindən əsası qoyulan Azərbaycan Atabəylər dövləti atabəylik sisteminin mütərəqqi nümunəsi idi. Bu dövrdə Azərbaycanda və ətraf bölgələrdə iqtisadiyyat və mədəniyyət sürətlə inkişaf edirdi. Bir sıra memarlıq abidələri (məsələn Möminə xatun türbəsi) və ədəbi əsərlər o dövrün irsidir. Məşhur memar Əcəmi Naxçıvani və dahi Azərbaycan şairi Nizami Gəncəvi bu dövrdə yaşayıb-yaratmışlar.
Nizami Gəncəvi
Nizami Gəncəvi (1141-1209) türk dünyasının klassik şairi və böyük mütəfəkkiridir. O, Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. Nizami Gəncəvi kiçik yaşlarından elmləri çox tez mənimsəməsi ilə insanların diqqətini özünə cəlb etmişdir. O, riyaziyyat, tibb, musiqi, təsviri incəsənət, islam fəlsəfəsi və digər elmləri dərindən öyrənmişdir. Nizami Gəncəvi türk dili ilə bərabər, fars və ərəb dillərində də şeirlər yazmışdır. Onun yenilikçi və təkrarsız “Xəmsə”si (“Beşlik”) dünya ədəbiyyatının nadir incilərindəndir. Nizami Gəncəvi “Xəmsə”yə daxil olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” adlı dastanlarını öz istəyi ilə hökmdarlara həsr etmişdir. Onun dahi əsərləri Şərq və Qərb poeziyasının inkişafına böyük təsir göstərmişdir.
Nizami Gəncəvinin şeirlərini öyrənin və bəyəndiyiniz şeirlərdən birini sinif yoldaşlarınız üçün oxuyun.