İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
77
sonra da səlibçilərlə mübarizələrini davam etdirdilər. Xüsusilə ilk üç səlib yürüşü onların mövqelərini möhkəmləndirdi. Səlibçilərdən başqa, Bizansla da mübarizə aparan Anadolu Səlcuqluları 1176-cı ildə II Qılınc Arslanın hakimiyyəti dövründə Miryokefalon zəfəri ilə Anadolunun türk yurdu olduğunu təsdiqlədilər.
Anadolu Səlcuqlularının ən parlaq dövrü Sultan Ələddin Keyqubadın (1220-1237) hakimiyyət illəri oldu. Bu dövrdə türklər Alanya kimi liman şəhərini tutdular və Aralıq dənizi hövzəsindəki ticarət yollarında söz sahibi oldular. Onlar Səlcuqluların inşa etdikləri karvansaraları və tacirlərin mallarını qorumaq üçün tətbiq etdikləri sığorta sistemi ilə ticarəti canlandırdılar.
Anadolu Səlcuqluları sadəcə siyasət və ticarət sahələrində uğurlar qazanmamışdılar. Onlar Konya, Ağsaray, Kayseri, Alanya, Sivas kimi şəhərləri mədəniyyət mərkəzi halına gətirdilər. Xüsusilə paytaxt şəhəri Konya o dövrün mədəniyyət mərkəzi idi. Bu şəhərlərdə tikilmiş məscid, mədrəsə və xəstəxanalar bölgədə sosial həyatın canlanmasına ciddi təsir göstərmişdi. Həmin dövrün Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə, Hacı Bektaş Vəli kimi görkəmli şəxsiyyətləri vardı. Onlar öz fəaliyyətləri və əsərləri ilə Anadoluda müsəlman türk mədəniyyətinin inkişafında önəmli rol oynamışdılar.
XII-XIII əsrlərdə Şimali və Cənubi Azərbaycanda hakimlik etmiş bu sülalə həm də Azərbaycan Atabəyləri adı altında məlumdur. Dövlətin əsasını qıpçaqmənşəli Səlcuqlu atabəyi Şəmsəddin Eldəniz (1136-1175) qoymuşdu. Dövlətin paytaxtı Naxçıvan idi.
Atabəylik sistemi türk dövlətçilik ənənələrinə xas idi. Türklər böyük imperiyalar yaradarkən bu cür idarəçilik üsullarından istifadə edirdilər. Səlcuqlu sülaləsinin hökmdarları sultan, yaxud məlik titullarını daşıyırdılar. Mərkəzdən uzaqda yerləşən bölgələrin bir hissəsi Səlcuqlu sülaləsinə aid olan vassal hakimlər tərəfindən, bir hissəsi isə Səlcuqlu sülaləsindən olmayan digər türk sülalələrinə mənsub irsi hakimlər tərəfindən idarə olunurdu. Bu vassal hakimlərdən bəziləri atabəy, onların idarə etdiyi vassal dövlətlər isə Atabəylik adlanırdı.