74
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
Yeni dövlətin qurucuları isə Səlcuq bəyin nəvələri Toğrul bəy və Çağrı bəy oldu. Ataları cavan yaşında vəfat etdi və Toğrul bəylə Çağrı bəy babaları Səlcuq bəyin himayəsində böyüdülər. Babalarının ölümündən bir müddət sonra onlar oğuzların başına keçərək dövlət qurmağa başladılar.
1040-cı ilə qədər Səlcuqlular Xorasanda Qəznəvilərə qarşı döyüşlərdə qalib gələrək müstəqillik əldə etdilər. Həmin ildə Dəndənəkan yaxınlığında baş vermiş döyüş Səlcuqluların Xorasana hakim olaraq Anadoluya yürüşlər etməsinə zəmin yaratdı.
Toğrul və Çağrı bəylərin qurduğu dövlətin ilk paytaxtı Nişapur şəhəri, birinci sultanı da Toğrul bəy oldu. Sonralar Səlcuqlu dövlətinin paytaxtı Rey və İsfahan şəhərləri olmuşdur.
Toğrul bəyin hakimiyyəti dövründə İran, Yaxın Şərq, Azərbaycan və Cənubi Qafqazdakı yerli sülalələrin varlığına son qoyularaq onların torpaqları Səlcuqlu dövlətinin tərkibinə qatıldı.
1048-ci ildə Ərzurum yaxınlığında Səlcuqlular Bizans-gürcü ordusunu məğlub etdilər.
İslam dünyasının dini lideri sayılan Abbasilər o dövrdə Bağdadı zəbt etmiş Buveyhi sülaləsinin siyasi təzyiqi altında idilər. 1055-ci ildə Toğrul bəy xəlifə Qaimin xahişi ilə Bağdada girib Buveyhiləri Xilafətin paytaxtından çıxarmış və buna görə “Sultan Rukn-ad-din” (“Hökmdar - dinin dayağı”) adına layiq görülmüşdü. Bunun sayəsində Səlcuqluların İslam dünyasında nüfuzu xeyli artdı.
1063-cü ildə Toğrul bəyin ölümündən sonra taxta onun qardaşı Çağrı bəyin oğlu Alp Arslan (1063-1072) keçdi. Alp Arslan öz hakimiyyəti dövründə Səlcuqlu dövlətinin sərhədlərini daha da genişləndirdi. O, Anadoluda 1071-ci ildə Malazgird döyüşündə Bizans imperatoru Romen Diogeni məğlub edərək əsir götürdü. Malazgird döyüşünün tarixi əhəmiyyəti ondan ibarətdir ki, bu döyüş türklərə Anadolunun qapılarını açmış oldu. Anadolunun içərilərinə axınlarını davam etdirən Səlcuqlu sərkərdələri yeni torpaqlar fəth edərək orada özlərinin müstəqil bəyliklərini və dövlətlərini qururdular. Bunlardan bəziləri aşağıdakı xəritədə yer almışdır.
Alp Arslan 1072-ci ildə vəfat etdi və sonra Səlcuqlu dövlətinin başına oğlu Məlikşah (1072-1092) keçdi. Məlikşahın hakimiyyət illəri Səlcuqluların ən parlaq dövrüdür. Bu dövrdə dövlətin sərhədləri şərq-qərb xəttində Mərkəzi Asiyadan Anadoluya, şimal-cənub xəttində isə Qafqazdan Hicaza (Məkkə və Mədinə şəhərlərinin yerləşdiyi Ərəbistan bölgəsi) qədər genişlənmişdi.
Məlikşahın ölümündən sonra taxt-tac uğrunda gedən mübarizə nəticəsində dövlət zəifləməyə başladı. Məlikşahın oğlu Səncər (1118-1157) taxta oturandan