72
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
İrandan Yeddisuya qədər uzanan geniş ərazilər vahid siyasi qurumda birləşdirilmişdi. Əhalinin böyük hissəsi müsəlmanlardan ibarət idi. Siyasi və sosial birlik ölkədə yüksək rifahı təmin etmişdi. Mavəraünnəhr və Xorasan islam dünyasının mədəniyyət mərkəzlərinə çevrilmiş, fars dili mədəni həyatda mühüm rol oynamağa başlamışdı. Bununla bərabər, türk hərbi qüdrəti getdikcə artmışdı. Samanilərin hakimiyyəti altında olan Əfqanıstanın bölgə və şəhərlərində idarəetməyə türkəsilli rəis və komandirlərin təyin edilməsi sonralar bu bölgələrdə türk sülalələrinin yaranmasına zəmin hazırlamışdı.
X əsrin ikinci son rübündə Samanilər sülaləsinin zəifləməsindən sonra türkəsilli Samani sərkərdəsi Alp tigin Qəznədə (Əfqanıstan) Qəznəvilər dövlətinin əsasını qoymuşdur. Alp tiginin kürəkəni Səbük tiginin (977-997) və onun oğlu Mahmud Qəznəvinin (998-1030) hakimiyyəti dövründə dövlət qüdrətinin ən yüksək zirvəsinə çatmış, Əfqanıstan, Xorasan və Şimali Hindistan (Pakistan) torpaqlarını da əhatə etmiş, imperiyanın sərhədləri Amudəryadan (Ceyhun) Hind çayına, oradan da sonralar Hind okeanına qədər uzanmışdı.
Mahmud Qəznəvinin oğlu I Məsudun (1031-1041) hakimiyyəti dövründə Qəznəvilər dövləti torpaqlarının bir hissəsini itirmişdir. Qərb bölgələrinin, demək olar ki, hamısı 1040-cı ildə baş vermiş Dəndənəkan (indiki Aşqabadın ətrafları) döyüşündən sonra Səlcuqlu dövlətinin əlinə keçmişdir. Qəznəvi dövlətinin nəzarətində yalnız Əfqanıstan, Bəlucistan və Pəncab bölgələri qalmışdır. 1157-ci ildə Səlcuqlu dövlətinin parçalanması Qəznəvilərə bir xeyir gətirməmişdir.
Bu gərgin vəziyyətdən istifadə edərək 1151-ci ildə əfqanəsilli Gurlular sülaləsi Qəznəvi hökmdarı Bəhram şahı (1117-1157) məğlubiyyətə uğratdılar