İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
67
Mahmud Qaşqarlı
Mahmud Qaşqarlı 1029-1038-ci illər arasında Barsqan şəhərində (İssıkgöl hövzəsi, Qırğızıstan) doğulub, sonralar bir müddət Qaşğar şəhərində yaşamışdı. O, Qaraxanlı nəslindən olan Məhəmməd bin Hüseynin oğlu idi. Atası əvvəl Barsqan şəhərində yaşamış, sonralar Qaşqara köçmüşdü. Həmin dövrdə Qaşqar mühüm elm və mədəniyyət mərkəzi idi.
Mahmud Qaşqarlı o dövrün bütün klassik elmlərinə yiyələnmişdi. O, ərəb və fars dillərini öyrənmiş, həmçinin türk dillərinin araşdırılması ilə məşğul olmuşdu. Bu məqsədlə bütün Mərkəzi Asiyanı başdan-başa gəzərək Anadoluya, oradan da Bağdada gedib çatmışdı. On beş il ərzində türklərin yaşadığı bütün vilayətləri, şəhərləri, obaları, düzənlikləri, dağları və səhraları dolaşmışdı. Səyahətləri zamanı ana dili olan türkcənin hakaniyə, oğuz, qıpçaq, qırğız, arqu, çigil ləhcələrini də araşdırmışdı.
Onun ən böyük əsəri olan "Divanü lüğat-it-türk” (“Türk dillərinin divanı”) 1072-1077-ci illər arasında Bağdadda yazılmışdır və o dövrdəki türk dilləri haqqında geniş məlumat verən ensiklopedik mənbə dəyərindədir. Bu əsər türk dilinin ən qədim lüğəti olmaqla bərabər, Mərkəzi Asiya və ətraflarında danışılan türk yazı dilləri və ləhcələrinin quruluşu, lüğət tərkibi ilə bağlı ən geniş məlumatı əhatə edir.
Divanü lüğat-it-türk
Mahmud Qaşqarlı özünün “Divanü lüğat-it-türk” əsərini bu sözlərlə başlayır: “Bismillahir-Rəhmanir-Rəhim (Rəhman və Rəhimli Allahın adı ilə).
Allahın səadət günəşini türklər üzərində meydana gətirdiyini və göy qübbəsini onların ölkələri üzərində fırlatdığını gördüm. Allah onlara Türk adını verdi. Və Yer üzünə hakim qıldı. Cahan hökmdarları türk irqindən oldu. Dünya millətlərinin taleyi türklərin əlinə verildi. Türklər Allah tərəfindən bütün tayfalardan üstün tutuldu. Allah onun yolundan ayrılmayan türkləri haqq yolunda gücləndirdi. Türklərlə birlikdə olan tayfalar yüksəldilər. Bu tayfalar türklər tərəfindən hər arzularına çatdılar. Türklər himayələrinə aldıqları millətləri pislərin şərindən qorudular. Cahan hakimi olan türklərə hər kəs möhtacdır, onlara dərdini dinlətmək, bu yolla arzuya çata bilmək üçün türk dilini öyrənmək gərəkdir...”
"Divanü lüğat-it-türk". I c. B.Atalay, Ankara, Türk tarixi cəmiyyəti
nəşriyyatı, 2006, səh. 3-4
“Divanü-lüğat-it-türk” əsərinə əsasən, türk hökmdarları hansı universal vəzifəni öz üzərlərinə götürdülər?