66
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
Yusif Balasaqunlu (Yusif Has Hacib)
Yusif Has Hacib Balasaqunlu 1017-ci ildə anadan olmuşdur. O, dünyada məşhur olan “Qutadqu Bilik” (“Səadət gətirən elm”) əsərinin müəllifidir. Bu əsər türklər islamı qəbul etdikdən sonrakı dövrün ilk ədəbi məhsuludur və hökmdarlara məsləhətlər verən ilk “siyasətnamə” xüsusiyyətinə də malikdir. Yusif Balasaqunlu “Qutadqu Bilik” əsərini 1070-ci ildə Qaraxanlı hökmdarı Uluq Qara Buğra xana təqdim etmişdir. Xan kitabı oxuduqdan sonra ona Uluq Has Hacib (Baş vəzir) titulu vermişdir.
Yusif Has Hacib Balasaqunlunun ölüm tarixi dəqiq məlum deyil. Onun şərəfinə ucaldılan məqbərə Qaşqarda yerləşir, lakin məlumdur ki, bu məqbərə sonrakı dövrün abidəsidir.
“O (Yusif Has Hacib) bu kitabın məzmunu haqqında danışıb onu dörd nəcib təməldə quracaq.
Onlardan biri - dürüstlüyə əsaslanan ədalət
O birisi-firavanlıq və əmin-amanlığa əsaslanan dövlət
Üçüncüsü - əzəmətli idrak
Dördüncüsü - əlində olana qane olmaq və sağlamlıq”
Həmçinin Yusif Has Hacibin aşağıdakı sözləri gələcək nəsillərə tövsiyədir:
“Əgər istəsən, rəqəmlər elmini öyrən.
Bu, hesab bilgisinin sirləridir;
Kəsri, bölməni və vurmanı öyrən”.
“Qutadqu Bilik” kitabından
Sizcə, insan həyatının mənalı olması üçün Yusif Balasaqunlunun “Kutadqu Bilik” əsərində təsvir etdiyi dörd dəyərdən hansı daha vacibdir? Müzakirə edin.