İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
63
Bu dövrdə Mərkəzi Asiyada hakimlik edən türk sülalələrinin tarixində mühüm siyasi hadisə baş verdi. 1025-ci ildə Qaraxanlıların hökmdarı Yusif Qədir xan (1024-1032) və Qəznəvilərin sultanı Mahmud Qəznəvi (998-1030) şəxsən görüşərək danışıqlar apardılar. Bu görüş zamanı Qaraxanlıları maraqlandıran məsələləri müzakirə etməklə yanaşı, onlar həm də Arslan bin Səlcuqun və ona tabe olan oğuz tayfalarının Xorasana köçürülməsi barədə razılığa gəldilər. Qeyd etmək lazımdır ki, orta əsrlərdə müstəqil dövlətlərin başçılarının şəxsi görüşləri və təkbətək danışıqları nadir hadisə idi. Bu görüşdə İslam dünyasının iki qüdrətli türk hökmdarı bir-birinin dövlətinin ərazi bütövlüyünü tanıdı. Belə bir razılığa gəldilər ki, onların biri Mərkəzi Asiyanın böyük hissəsini, o biri isə Əfqanıstan, Şimali Hindistan və İranı idarə etsin.
Hakanitlər, Əfrasiyabın nəsilləri, Türk xaqanları, yaxud İlek xanlar adları altında məlum olan siyasi birlik həmin dövrdə mərkəzi Yeddisu və Şərqi Türküstan olan Şərqi Qaraxanlı (1040 -XIII əsrin əvvəli) və mərkəzi Mavəraünnəhr olan Qərbi Qaraxanlı dövlətindən (1040-1212) ibarət idi.