62
İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
Mahmud Qaşqarlının yazdıqlarına görə, Daşkənd bölgəsindəki Benaket vadisi oğuzların məskəni olmuşdur. Oğuz Yabqu dövləti daha sonra qurulan Səlcuqlu dövlətinin (XI-XIII əsrlər) əsasını təşkil etmişdir.
Oğuz Yabqu dövlətinin yaranması Mərkəzi Asiyada türk dilinin Oğuz ləhcəsinin yayılmasına səbəb olmuşdur. Bu ləhcə sonradan meydana çıxan Anadolu türkcəsi, Azərbaycan türkcəsi, türkmən dili, özbək Oğuz dili (Xarəzm və Xorasan), qaqauz dili və digər Oğuz dil və ləhcələrinin yaranmasına zəmin yaratmışdır.
Qaraxanlı xaqanlığı 840-1212-ci illərdə mövcud olmuşdur. Qaraxanlı dövləti - Mərkəzi Asiyada yaranmış ilk türk-müsəlman dövlətlərindən biridir. Onun əsası ehtimala görə, hakim türk Aşina nəslindən olan, islamı qəbul etmiş Bilgə Kül Qədir xan tərəfindən qoyulmuşdu. Qaraxanlı dövləti Şərqi Türküstan və Yeddisu torpaqlarında yaranmışdı və dövlətin inzibati mərkəzləri əvvəlcə Qaşqar və Balasaqun şəhərləri olmuşdu.
Bilgə Kül Qədir xanın ölümündən sonra onun yerini oğulları Bazır və Oğulcaq tutdu. Oğulcaq Samanilər dövlətində baş verən daxili ziddiyyətlərdən yararlanaraq üsyan edən bir Samani şahzadəsinin sığınacaq xahişini qəbul etdi. Həmin Samani şahzadəsinin sayəsində Oğulcaqın qardaşı oğlu Satuk Buğra islamı qəbul edərək özünə Əbdülkərim adını götürdü. Sonralar Əbdülkərim (Satuk Buğra) əmisi Oğulcaqı (924-955) məğlub edərək dövlətin başçısı oldu və xan titulunu qəbul edib islamı rəsmi din elan etdi. Qaraxanlılar islamı qəbul edən ilk türk dövləti oldu.
Nəsr İliq xanın hakimiyyəti dövründə Qaraxanlılar 999-cu ildə Samanilərə qarşı yürüş edərək onların əsas şəhərləri olan Səmərqənd və Buxaranı tutdu. Beləliklə, onların sərhədləri Amudərya çayına qədər uzandı. Çayın şimalında yerləşən ərazilər Qaraxanlılara, cənub tərəfindəki torpaqlar isə Qəznəvilərə məxsus olmaqla Amudərya çayı bu iki dövlət arasında sərhədə çevrildi.