İLK TÜRK-MÜSƏLMAN DÖVLƏTLƏRİ
61
dövləti qurulmuşdur. Dövlətin sərhədləri şimal və şimal-şərqdə Qaraçuk (Qaratau) dağları və Yeddisunun qərbinə (İsficab bölgəsi) qədər, qərbdə isə Cənt (Aşağı Sırdərya) və Aral gölü ətrafına qədər uzanmışdı. Bu dövrdə Sırdərya hövzəsində yerləşən Südkənd, Yengikənd, Otrar, Cənt şəhərlərində müsəlman türklərinin sayı artmış, İpək yolunun şimal xəttində ticarət canlanmışdı.
Oğuzlar öz pullarını zərb etdirmişdilər. Aşağı Sırdərya və Aral gölü ətraflarında üzərində ərəb yazısı ilə Cabquye el-i Quzziye (Oğuz yabqusu) sözü yazılmış bürünc və gümüş pullar tapılmışdır. Ərəblər və farslar Oğuz türklərini Quzz adlandırmışlar.
Oğuz Yabqu dövləti bir müddət Xəzər xaqanlığının tərkibində olmuşdur. Sonralar getdikcə güclənən oğuzlar Mavəraünnəhrin daxili əraziləri (Nurata/Buxara), Xarəzm və Xorasan sərhədlərinə qədər yayılmağa başlamışdılar.
Dədə Qorqud
Oğuz yabquluğu dövründəki türk tayfalarının həyatını ən gözəl formada təsvir edən ədəbi əsər Oğuz türkcəsi ilə yazılan “Kitabi-Dədə Qorqud” dastanıdır. Əsərdə dilə gətirilən tarixi hadisələr Oğuz yabquluğu dövründə Sırdərya hövzələrindən başlayıb, Səlcuqlular dövrü ilə bağlı olan Azərbaycan və Anadoluda bitir. Dastanın baş qəhrəmanı Dədə Qorqud (Qorqud ata) türk xalqlarının ortaq dahi şəxsiyyətidir. Onun həm keçmişdən, həm də gələcəkdən xəbər verən “kərəm sahibi bir övliya” olduğu irəli sürülür. Dədə Qorqud “Ozanların piri” və ya “Ozanların başı” olaraq da adlandırılır.
Bu kitab 12 dastan xarakterli hekayədən (12 boydan) ibarətdir və burada islamdan öncə və sonrakı dövrlərdə türklərin yaşayışı, dili, tarixi, ədəbiyyatı, mədəniyyəti əks olunur. “Qorqud Ata” adı ilə də bilinən Dədə Qorqud Azərbaycan türkləri, türkmən, qazax, özbək, başqırd və qaraqalpaq türkləri arasında çox məşhurdur. Dastanın ana mövzusu türk xalqlarının öz torpaqlarını qorumaq əzmi, türk millətinə xas olan doğruluq, sözündə durmaq, müqəddəs amallar uğrunda can vermək kimi müxtəlif dəyərlərdir. Dədə Qorqud dastanı buradakı bütün qəhrəmanların ailə, cəmiyyət və insan sevgisini ön planda tutması, millət olaraq əxlaq və yaşam anlayışımızı əks etdirməsi baxımından çox önəmli bir əsərdir.
Dədə Qorqud haqqında rəvayətlər bir kitab şəklində orta əsrlərdə Anadolu və Azərbaycan türkləri, şifahi olaraq da türkmən, qazax, qaraqalpaq və başqırd türkləri arasında qorunaraq bu günə qədər gəlib çatmışdır. Bundan başqa Dədə Qorduq qədim türklərin əsas musiqi aləti olan qopuzun yaradıcısı hesab edilir. Qazax türklərində qopuzla ifa edilən “Korkut Atanın küyü” (“Qorqud Atanın musiqisi”) adı altında bir çox musiqi əsərinin olması faktı diqqəti cəlb edir.