56
TÜRK XAQANLIQLARI
Şək. 3.17. Üzərində
xaqan və xatun
rəsmləri olan pul.
Qərbi Türk xaqanlığı.
VI-VII əsrlər.
Çaç (Daşkənd)
Qədim türk xaqanlıqları dövründə İpək yolunun həm cənub, həm də şimal xətlərinin əsas hissəsi türklərin nəzarətində olmuşdur. Bu xətlərdə təhlükəsizliyin təmin olunması sayəsində beynəlxalq ticarət canlanmışdır. Cənub xətti Atrek, Amudərya və Tarım çaylarının hövzələrindən, şimal xətti isə Sırdərya, Çu və Talas çaylarının hövzələrindən keçmiş və bu səbəbdən buralarda yeni ticarət şəhərləri yaranmışdır.
Bu dövrdə Ötükən vadisi və Ordubalıq (Qarabalqasun), Ordos, Beşbalıq, Suyab, Taraz, Otrar, Çaç kimi şəhərlər xaqan-lıqların həm inzibati, həm mədəni-iqtisadi mərkəzləri rolunu oynayırdı. 629-cu ildə buddizmin mərkəzi olan Hindistana ziyarət üçün yola çıxan tanınmış çinli rahib Hsüan-Tsanq Qərbi Göytürk xaqanlığının hakimiyyəti altında olan onlarla şəhər və bölgələrdən keçərək Hindistana çatmışdı. Bu rahibin yol qeydlərinə görə, 60-a yaxın ölkə Qərbi Göytürk xaqanlığının nəzarətində imiş.
Bu dövrdə türklər tək Tanrıya inanmış və öz inanc sistem-lərinə malik olmuşlar. Bu inanc sistemində Umay adlı ilahə uşaq-
Qədim türklərdə qadının mövqeyi
Qədim türklərdə qadınlar kişilərlə bərabər sayılmış, ictimai həyatın bütün sahələrində, xüsusilə də siyasətdə mühüm yer tutmuşlar. Sak dövründə qadın hökmdar Tomiris çox məşhur idi. Asiya hunlarında imperator-Şanyunun yanında dövlət işləri ilə məşğul olan Eçi titullu xatunlar vardı.
Qədim türk xaqanlıqları dövründə isə mövqeyinə görə xaqanlardan sonra ikinci yeri Xatun titulu daşıyan qadınlar tuturdu. Orxon kitabələrində Kül tiginin anası İlbilgə xatunun adı Şərqi Göytürk xaqanlığının qurucusu İltəris xaqanla eyni səviyyədə çəkilir.
Soqdda zərb olunan Qərb Göytürklərinin pullarında hökmdarla xatun yan-yana təsvir olunmuş, pulların arxa tərəfində isə hökmdar qadına aid olan “Xatun” sözü yazılmışdır.
Xaqanlar müharibəyə yollanan zaman xatunlar dövlət işləri ilə məşğul olmuş, səfirləri qəbul etmişlər. Bütün bu faktlar qədim türk cəmiyyətində qadının mövqeyinin yüksək olduğunun sübutudur.
Qədim türklərin dövründə xaqan xatununun dövlətin idarə olunmasında müəyyən hüquqlara malik olmasının nə əhəmiyyəti vardı? Müzakirə edin.