TÜRK XAQANLIQLARI
53
yürüş etmiş, lakin Səlcuqlular onların Manqışlaqa geri dönmələrinə nail olmuşdular.
Çingiz xanın qoşunlarının bu torpaqları zəbt etməsi ilə qıpçaq bəyliklərinin varlığına son qoyulmuşdur. Sonralar bir sıra türk-monqol tayfaları ilə qarışan yerli qıpçaq tayfaları Qızıl Ordu və digər Çingizi sülalələrinin idarəçiliyinə qatılaraq bölgənin siyasi və mədəni həyatında mühüm rol oynamışdılar.
Bizanslılar qıpçaqları kun, kuman, ruslar isə polovets adlandırırdılar. Bir sıra qıpçaq nəsilləri, Toksoba və Borcoğlu tayfaları başda olmaqla, Cənubi Rusiya çöllərindən və Qara dəniz bölgəsindən Bizans sərhədlərinə, yəni Şərqi Avropaya qədər köç etmişdilər. Qıpçaq türklərinin arasında adları Bizans mənbələrində Uz, qədim rus salnamələrində Torki (Türk) kimi çəkilən Oğuz soyundan olan türklər də vardı. Onlar indiki Ukrayna ərazisində özlərinin siyasi qurumlarını yaratmışdılar.
Qərb qıpçaqları arasında olan uz/torkilərin bir hissəsi digər türk nəsilləri kimi, zamanla Ukrayna və onun ətrafında yaşayan yerlilərlə qaynayıb-qarışaraq slavyanlaşmış, bir hissəsi isə muzdlu əsgər kimi Bizans imperatorlarına xidmət etmişdi. Onlar sonralar Səlcuqlu-Bizans müharibələri zamanı öz qan qohumları olan oğuzlar tərəfə keçərək Səlcuqluların Anadolunu tutmasına yardımçı olmuşdular. Uzların bir hissəsi isə Mərkəzi Asiyaya geri qayıtmışdı. Özbəklər arasında bu günə kimi işlənən Uz və Kara Uz kimi soyadlar o dövrdən qalmışdır.