T ürk dünyası - unikal çöl sivilizasiyasını və inkişaf etmiş şəhər mədəniyyətini yaradaraq bəşər tarixində silinməz iz qoymuş böyük tarixi birlikdir. Türklər qədim zamanlardan Avrasiya məkanında məskunlaşaraq, böyük imperiya və qüdrətli dövlətlər yaradan xalqdır.
1991-ci ildə türk dövlətləri öz müstəqilliklərini əldə etdikdən sonra Türk dünyası məkanında mədəni, siyasi və iqtisadi əlaqələr sürətlə möhkəmlənməyə başladı. Buna müvafiq olaraq, türk ölkələri arasında əməkdaşlığın möhkəmlənməsi və davamlı inkişafı üzrə birgə fəaliyyət göstərilməsinə obyektiv tələbat yarandı. Əsas məsələlərdən biri kimi qarşıda “Ortaq türk tarixi”nin hazırlanması və onun Türk dünyasının təhsil ocaqlarında tədris edilməsi dururdu.
Türk dövlətləri başçılarının 1992-ci il oktyabrın 30-da Ankarada keçirilən görüşündə “Ortaq türk tarixi” dərs vəsaitinin hazırlanması qərara alındı. 1994- 1995-ci illərdə qardaş türk dövlətlərinin tarixçiləri ortaq türk mətnlərinin layihəsi üzərində işə başladılar.
2012-ci ilin avqustunda Türk Şurasının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş II Zirvə görüşündə Şuranın üzvləri olan (Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə) dövlət başçıları tərəfindən “Ortaq türk tarixi” kursunun ümumi təhsil müəssisələrində tədrisi haqqında birgə qərar qəbul edildi. Həmin qərar Türk Şurasının 2013-cü ilin avqustunda Qəbələ şəhərində (Azərbaycan) və 2014-cü ilin iyununda Bodrum şəhərində (Türkiyə) keçirilmiş Zirvə görüşündə təsdiq edilmişdir.
2014-cü ildə Türk Şurasının qərarı ilə “Ortaq türk tarixi”nin yazılması məsələsi Beynəlxalq Türk Akademiyasına həvalə olundu. Burada türk dövlətlərinin nümayəndələri - mütəxəssislərdən ibarət işçi qrup yaradıldı.
“Ortaq türk tarixi” kursunun tədrisində məqsəd gənc nəsildə türk xalqlarının ümumi keçmişi, vahid dil və mədəniyyəti haqqında təsəvvür formalaşdırmaq və bununla da onlara Türk dünyasında vəhdətlik və qarşılıqlı hörmət hisslərini aşılamaqdır.
Dərs vəsaitində türk tarixinin qədim zamanlardan XV əsrə qədər olan dövrü əhatə olunur. Burada əsas diqqət türk dövlətləri və sülalələrinin tarixinə yetirilir.
Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Ortaq türk tarixi” dərs vəsaiti şagirdlərə tədris üçün tövsiyə olunur. Hər ölkə həmin kursun neçənci sinifdə tədris olunacağını müstəqil müəyyən edir. Vəsait ümumi təhsil üzrə dövlət standartlarına uyğun şəkildə hazırlanaraq Türk Şurası üzvləri olan ölkələrin təhsil nazirlərinə təqdim olunmuş, ekspertizadan keçmiş və layihədə maraqlı olan tərəflərdən müsbət rəy almışdır.
Bununla əlaqədar biz Türk Şurasının üzvləri olan ölkələrin təhsil nazirliklərinə, ekspert qruplarının üzvlərinə, Türk Dövlətləri Təşkilatına və Türk Şurasına təşəkkürümüzü bildiririk.