TÜRK XAQANLIQLARI
49
Oturaq mədəniyyətə malik olan bu dövlət 500 il mövcud olmuşdur. Manilik, buddizm, xristian, Çin, yerli tohar və qədim türk mədəniyyətlərinin qaynayıb-qarışması nəticəsində rəngarəng və yüksək mədəniyyət ortaya çıxmışdır. Əsrlərlə Çin tacirləri və qaçqınları Koço Uyğur dövlətinə gəlib yerləşmiş, Ön Asiya, İran və Mərkəzi Asiyanın cənub-qərb sərhədlərindən gələn fars və soqdi tacirləri bu dövlətin inkişafına öz töhfələrini vermişlər. Bunu qədim mağaraların divarlarına cızılmış təsvirlər də sübut edir. Bu rəsmlərdə yerli türk və toharlarla bərabər, Çin, Soqd, Ön Asiya və Hindistandan olan insanlar təsvir edilmişdir. Müxtəlif toplumlara xas olan insanların öz ənənələri, geyimləri və mədəni xüsusiyyətləri ilə bir arada təsvir edilməsi Koço Uyğur dövlətinin tolerant olduğunu göstərir.
Qarluq Yabqu dövlətinin əsasını qarluq türkləri təşkil etmişlər. Onlar əvvəl Orxon (Monqolustan), Altay və Tarbaqatayda (Şərqi Qazaxıstan) yaşamış, sonralar cənub-qərbə köç edib, 766-cı ildə Yeddisuda Türkeş xaqanlığının hakimiyyətinə son qoymuş və Mərkəzi Taraz (Talas) şəhəri olan dövlət (yabquluq - hökmdarları “yabqu” titulu daşıyan dövlət) yaratmışlar.
Qarluq şəhərləri Taraz və Suyab inzibati, iqtisadi və mədəni mərkəzlər rolunu oynayırdı. Yeddisu şəhərlərində müsəlman türklərin sayı artmışdı. Bu dövrdə Mərkəzi Asiyanın şərq hissəsində Uyğur xaqanlığının olması səbəbindən Qarluq Yabqu dövləti xaqanlıq səviyyəsinə yüksələ bilmirdi.
VIII əsrin ortalarında Yeddisuda qarluqların hakimiyyəti güclənməyə və möhkəmlənməyə başlayır. Bunu Yeddisunun qədim şəhər xarabalıqlarında tapılmış və üzərində soqdi əlifbası ilə “Qarluq xaqan” sözləri yazılmış mis pullar da sübut edir.