48
TÜRK XAQANLIQLARI
deyil, həm də Turfan vahəsində (Koço dövləti) bərpa etmişlər. Qansu uyğurları Çinlə ticarət əlaqələri yaratmışdılar. 940-cı ildə onlar əvvəlcə Şimali Çinə hakim olan kitanların (qarakitay), sonra tanqutların, daha sonra isə Çingiz xanın (1226) idarəsi altında monqolların hakimiyyətini qəbul etmişdilər.
Bu dövlət IX əsrdən başlayaraq XIII əsrədək, monqolların hakimiyyəti altına düşənədək mövcud olmuşdur. Göytürk və Uyğur xaqanlıqlarının varisləri tərəfindən qurulan dövlət Şərqi Türküstanın Turfan və Qumul bölgələrini əhatə edirdi. Bura, həmçinin Dunxuan ərazisi (Şimal-Qərbi Çin) daxil idi. Dövlətin qurucusu Pan tigindir.
Burada qədim türk mədəniyyəti ilə yanaşı, manilik və buddizm inanclarının inkişaf etdiyi mədəni mühit yaranmışdı. Koço Uyğur dövləti özündən sonra buddizm dininə aid məbədlər, divar rəsmləri, heykəllər, qədim türk, soqdi və pəhləvi dillərində yazılmış epiqrafik abidələr yadigar qoymuşdur. Din dəyişməsi təsiri altında bir sıra türk tayfaları tez bir zamanda oturaq həyat tərzinə keçməyə başladılar. Uyğur əsilzadələri yeni dinlərini xalqa öyrətmək məqsədilə çoxlu sayda kitab yazmışdılar. Bu kitabların çap edilməsində mətbəənin rüşeymləri sayıla biləcək qəliblərdən istifadə olunmuşdur.