TÜRK XAQANLIQLARI
47
Dövlətin tərkibinə Monqolustan, Uzaq Şərq, Cənubi Sibir və Şimali Çin torpaqları daxil idi. Qurucusu Qutluq Bilgə Gül xaqandır.
Uyğur xaqanlığı Çinə qarşı uğurlu müharibələr aparmış, monqol və mancurəsilli tayfaları tabe etmişdi.
Uyğur xaqanlığının tarixində Moyon-Çur (747-759), Bögü xaqan (759-780) və Bağa Tarkan (780-789) kimi məşhur hökmdarlar olmuşdur. Bögü xaqanın hakimiyyəti dövründə xaqanlığın Çin üzərində nüfuzu artmış, türk tacirləri Çin paytaxtında sərbəst ticarət aparmaq imkanı əldə etmişdilər.
Bögü xaqanın dövründə manilik dini geniş yayılmışdı. Ordubalıq (Qarabalqasun) şəhərində Mani məbədi tikilmişdi.
Uyğur xaqanlığından əvvəl Göytürk run əlifbasından istifadə olunmuşdur. Göytürk run hərfləri ilə yazılan Şine-Usu (Moyon-Çur) və Qarabalqasun (Ordubalıq) abidələri Uyğur xaqanlığının tarixindən bəhs edir. Uyğurlar sonralar soqdi əlifbası əsasında yaradılmış uyğur əlifbasından istifadə etməyə başlamışlar. Orta əsr mənbələrində türk bitikçiləri adı ilə tanınan mirzələr bu əlifba ilə əsərlər yazmışlar.
Qansu (Kançou) Uyğur dövləti. Uyğur xaqanlığı dağılandan sonra uyğurların bir hissəsi indiki Çinin şimal-qərbində yerləşən Qansu vilayətinə gələrək burada Qansu Uyğur dövlətini qurmuşlar. Uyğurlar özlərinin dövlətçiliyini təkcə Qansuda