44
TÜRK XAQANLIQLARI
Avrasiyanın adıçəkilən ərazilərində Xəzər xaqanlığının təxminən üçəsrlik hökmranlığı bu bölgədə türk əhalisinin sayının daha da artmasına səbəb oldu. Xüsusilə Azərbaycan türklərinin, qumuq, qaraçay və balkarların, o cümlədən Krım tatarlarının formalaşmasında Xəzər xaqanlığı mühüm rol oynamışdır.
İ.Kafesoğlu qeyd edir ki, VII-IX əsrlər ərzində qüdrətli orduya malik olan Xəzər dövləti “Xəzər dincliyi”ni təmin etmişdi. Bu zaman Şərqi Avropada əmin-amanlıq, dinclik və təhlükəsizlik hökm sürürdü. Xaqanlığın geniş ərazisində müsəlmanlar, xristianlar, yəhudilər və köhnə türk dininə etiqad edənlər yanaşı yaşayırdılar.
Xaqanlığın hakim zümrəsi yəhudiliyi qəbul etmişdi. Ərəb mənbələrində Xəzər xaqanlarının ölkəni ədalətlə idarə etdikləri xüsusi qeyd olunur. Ərəb tarixçisi Məsudinin sözlərinə görə, ölkədə yeddi baş hakim vardı, onlardan ikisi müsəlmanların, ikisi xristianların, ikisi yəhudilərin və biri də qədim türk dininə - tanrıçılığa etiqad edənlərin və rusların məhkəmə işlərinə baxırdı. Xaqanlar dini işlərə müdaxilə etmirdilər, Xəzər şəhərlərində bütün dinlərin ayin və mərasimləri sərbəst keçirilirdi. Müxtəlif millətlərə qarşı apardığı düşünülmüş siyasəti və dini tolerantlığı sayəsində xəzərlər Şərqi Avropada yüz ildən çox mövcud olan imperiya yaratmış və onu uğurla qoruya bilmişdilər.