42
TÜRK XAQANLIQLARI
Düşmənlər İl xanın ölkəsindəki hər kəsi öldürdülər. Yalnız İl xanın kiçik oğlu Kıyan, xanımı Nüküz və qardaşı oğlu qaçıb canlarını qurtara bildilər. Onlar dağ qoyunlarının açdığı cığırla gedib uca dağda dar bir keçidə çatdılar. Bu yeri “mədən yeri” mənasını verən Ergene Kon adlandırdılar.
Dörd yüz il sonra onların sayı və mal-qara sürüləri o qədər çoxaldı ki, artıq Ergenekona sığmadılar. Vaxtilə əcdadlarının buraya gəldikləri keçidin yeri isə unudulmuşdu. Bir dəmirçi dedi ki, əgər dağın dəmir hissəsi əridilsə, yol açıla bilər. Onlar dəmirin olduğu yerə çoxlu odun və kömür yığıb ocaq qaladılar. Dəmir əridi və yüklü bir dəvənin keçə biləcəyi qədər yol açıldı. İl xanın nəslindən olan türklər yenidən güclənmiş halda öz yurdlarına döndülər və ulu babalarının qisasını aldılar. Ergenekondan çıxdıqları günü isə hər il yazın əvvəlində bayram kimi qeyd etməyə başladılar.
Turan O. “Türk Cahan Hakimiyyəti Məfkurəsi”. İstanbul, 2014
Ergenekon dastanında bəhs edilən hadisə (dəmir dağdan yolun açılması) əslində nəyi simvolizə edir? Araşdırın.
Bu dövlət VI-IX əsrlərdə mövcud olmuşdur. Avarların imperiyası Şərqi Avropada qalmış Hun tayfalarının Mərkəzi Asiyadan gələn digər türk nəsilləri ilə qaynayıb-qarışması nəticəsində yaranmışdı. Dövlətin qurucusu Bayan xaqandır. Avar xaqanlığının sərhədləri Dunay çayının orta hövzəsi, Transilvaniya, Panoniya (Macarıstanın keçmiş adı) və Karpat dağlarını əhatə edirdi. Avarlar Bizans imperiyasına qarşı uğurlu müharibələr aparmış, bir sıra german və slavyan tayfalarını özlərinə tabe etmişdilər.
Avar xaqanlığının əsasını qoyanlar, çox güman ki, juan-juanlar və ağ hunlarla (eftallar) qohum olmuşlar. Belə ki, Avar tayfa adına bu iki dövlətə aid mənbələrdə rast gəlinir.
Avarların Mərkəzi Asiyadan gəlmələri və hunlardan törəmələri faktını o dövrün bəzi mənbələri də təsdiq edir. Avar xaqanlığı dövründə Şərqi Avropada türk mədəniyyətinin təsiri artmışdı. İndiki Macarıstan, Avstriya və Almaniyanın cənub-qərbində yaşayan xalqların formalaşmasında bu dövrün mühüm rolu olub. Xüsusilə fin-uqor və türk xalqlarının uzun əsrlər ərzində qaynayıb-qarışması nəticəsində formalaşmış macar xalqı üçün bu dövr ayrı bir tarixi əhəmiyyət daşıyır.