TÜRK XAQANLIQLARI
41
Türk xaqanı Ötükən qara camaatın arasında oturmuşsa, vilayətdə çətinlik olmaz. Şərqdə Şantunq ovalığına qədər qoşun yeritdim, dənizə çatmağıma az qaldı. Cənubda Doqquz Ərsinə (qəbilələrin adı) qədər qoşun yeritdim, Tibetə çatmağıma az qaldı. Qərbdə İnci çayını (Sırdərya) keçərək Dəmir Qapıya qədər (Amudərya, Baktriya), şimalda Yir Bayırku ölkəsinə qədər ordu göndərdim.
Ergin M. "Orxon abidələri”. İstanbul, 2013, səh.12
Tonyukuk kitabəsi
Türk Bögü xaqan üçün... Türk Bilgə xaqan üçün... Qapağan xaqan üçün... gecələr yatmadım, gündüzlər dincəlmədim. Qızıl qanımı tökərək, qara tərimi axıdaraq gücümü bütünlüklə ona sərf etdim. Öncülləri yenə uzaqlara göndərdim. Gözətçiləri çoxaltdım, ram etdiyim düşmənləri gətirdim. Xaqanım ordunu yürüşə apardım. Göylərin mərhəməti ilə türk millətinin içinə mən zireh geyinmiş düşmən gətirmədim, damğalı atları qorumadım.
Əgər İltəris xaqan döyüşləri udub sərvət əldə etməsəydi, qazanmasaydı, onun ardınca mən də döyüşləri udub sərvət qazanmasaydım, dövlət və millət var olmazdı. O, döyüşlərdə qələbə və sərvət əldə etdiyi üçün, ardınca da mən döyüşdə qalib gəlib sərvət qazandığım üçün dövlət əldə etdiyi dövlət, millət oldu.
Mən artıq yaşlandım, ulu oldum. Hər hansı bir məmləkətdə xaqanı olan bir millətin mənim kimi vəziri olsa, o millətin nə dərdi ola bilər?
Mən, müdrik Tonyukuk bunları Türk Bilgə xalqı üçün yazmağı əmr etdim.
Ergin M. "Orxon abidələri”. İstanbul, 2013, səh.42
Orxon yazılarından götürülmüş bu mətnlərə əsasən, sizcə, dövlətin güclü olması üçün dövlət başçısı nə etməlidir?
Ergenekon dastanı
Fəzlullah Rəşidəddinin XIV əsrdə yazdığı “Cəmi-ət-təvarix” (“Tarixlərin cəmi”) adlı əsərinin “Türk və monqol qəbilələrinin tarixi” bölməsində və Əbülqazi Bahadır xanın “Şəcərə-i-türk” adlı əsərində Çin salnamələrindəki Göytürk Törəyiş əfsanəsini xatırladan belə bir rəvayət verilir: “Oğuz xanın nəslindən olan İl xanın hakimiyyəti dövründə düşmənlərin hökmdarı Sevinc xan müharibəyə başladı.