40
TÜRK XAQANLIQLARI
müharibələr aparmış və bir qayda olaraq, qələbə çalmışdılar. Xaqanlıq Çindəki Suy sülaləsini bir müddət özündən asılı etmiş və xaqanlara Çin sarayından xatunlar göndərilmişdi. Sasanilərlə Göytürklər əvvəlcə dost münasibətində olmuş, lakin türk tacirlərinin apardığı mallar farslar tərəfindən yandırıldıqdan sonra onların arasında müharibə başlamışdı. Göytürk orduları Herata (Əfqanıstan) və İsfahana (İran) qədər irəliləmişdi.
Xaqanlıq və Bizans arasında isə münasibətlər, əsasən, yaxşı olmuşdu. Onlar qarşılıqlı olaraq bir-birinə elçilər göndərmiş, Sasanilərə qarşı birgə vuruşmuşdular. İstəmi yabqu və onun nəvəsi Tun yabqu xaqanın dövründə Göytürk elçiləri davamlı olaraq Bizansın paytaxtı Konstantinopola (İstanbul) gedib- gəlmişlər. Krım və Azərbaycan torpaqları da qısa zaman ərzində Göytürk sərhədləri daxilində olmuşdu.
Qərb Göytürklərin ərazilərinə daxil olan Amudərya və Sırdərya çayarası və ona bitişik ərazilərdə VII-IX əsrlərdə Çaç (Daşkənd) tiginləri, Fərqanə Aşina sülaləsi, Toharıstan yabquları və Kabil tigin-şahları kimi sülalələr hökmranlıq etmişdilər. Onların mənşəyi Aşina sülaləsinə gedib çıxır. Bu dövrdə Xəzər dənizinin şimal-şərqində yerləşən Dehistan, Gürqan və Mərv (indiki Türkmənistan) torpaqları da Göytürklərin tabeliyində idi.
Kül tigin kitabəsi
Yuxarıda mavi səma, aşağıda qara torpaq yaradıldığında onlar arasında insan oğlu yaradıldı. İnsan oğlunun üzərində əcdadlarım Bumın xaqan və İstəmi xaqan hakim oldu. Onlar türk xalqının dövlətini və adət-ənənələrini qoruyub nizama saldılar.
Tanrı kimi göylərdən doğulan mən, Bilgə xaqan indi türklərə hakim oldum. Sözlərimi sonadək dinləyin!
Məndən sonra gələn kiçik əqrəbələrim, bütün soyum, mənim oğullarım, mənimlə ittifaqda olan tayfalar və xalqlar, sağdakı Şad, Apa bəyləri, soldakı Tarxanlar, Buyruq bəyləri, Otuz Tatar.., Doqquz Oğuz bəyləri! Sözlərimi yaxşıca eşidin, ağılla dinləyin: Şərqdə günçıxandan cənubda günortasına, qərbdə günbatandan şimalda gecəyarısına qədər hüdudların daxilində olan millət həmişə mənə tabedir!..