HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
35
etnoslar, uzun müddət bir siyasi sistemdə yaşamaları nəticəsində, tədricən ortaq mədəni dəyərlər yaratmışdılar.
Bu dövrdə türklərin əcdadları, əsasən, çöl və meşəlik bölgələrdə yaşayırdılar. Onların həyatında atların əhəmiyyəti böyük idi. Altay və Tanrı (Tenqri) dağları arasındakı geniş otlaqlarda hunlar çoxlu sayda at ilxıları, qoyun və iribuynuzlu heyvan sürüləri otarır, həmçinin dənli bitkilər becərirdilər.
Yaşadıqları dövrə uyğun olaraq hunlar tərbiyə məsələlərinə böyük diqqət yetirirdilər. Onlar cavan nəsli elə tərbiyə edirdilər ki, övladları cəmiyyətin tələblərinə uyğun böyüsünlər. Daim müharibə təhlükəsi altında yaşadıqlarından döyüş bacarıqlarına və hərbi təlimlərə böyük önəm verirdilər. Uşaqların yaxşı əsgər kimi yetişməsi əsas məqsədlərdən biri idi. Hələ ata minməzdən əvvəl onlar qoyunların belinə minir, quş və siçanları ovlayırdılar. Müəyyən yaşa çatdıqdan sonra isə at yarışlarında iştirak edir, silahla yaxşı davranan mahir atıcılar olurdular.
Qeyd etmək lazımdır ki, türk cəmiyyətində sosial təbəqələşmə mövcud deyildi. Məsələn, müharibədə əsir götürülənlərdən başqa heç kəs qul ola bilməzdi.
Şərqi Avropadan Çinə, Sibirə və Uzaq Şərqə qədər uzanan İpək yolunun şimal xəttinin hunların nəzarəti və himayəsi altında olması Mərkəzi Asiyanın iqtisadi və mədəni inkişafına imkan yaratmışdır. Bu yol hunların Çin, Hindistan, İran, Şərqi Avropa, Şimali Asiya ölkələri ilə mədəni əlaqələr qurmasına vasitə olmuşdur.
Kanquy dövlətinin tərkibinə Aral dənizi hövzəsindən Yeddisuya qədər ərazidə yaşayan oturaq və köçəri xalqlar daxil idi. Bu dövrdə Sırdərya hövzəsindən Talas və Çu çaylarına qədər uzanan, əkinçilik üçün əlverişli olan bölgələrdə Çaç (Daşkənd), Otrar, İsficab (Sayram), Taraz kimi ilk böyük şəhərlər meydana gəldi.
Kuşan imperiyasının və cənub hunlarının (hionitlər, ağ hunlar, eftallar) hakimiyyəti altında olan Mərkəzi Asiyanın cənubunda və Şimali Hindistanda, əsasən, əkinçiliklə məşğul olan oturaq xalqlar yaşayırdılar. Baktra (Bəlx), Mərv, Termiz, Qaşqar, Xotan, Kabil kimi şəhərlər ticarət və mədəniyyət mərkəzinə çevrilmişdi.
Cənub Hun və Eftallar dövlətləri çərçivəsində Şimali Hindistanda (Əfqanıstanın bir hissəsi, Pakistan) və Mərkəzi Asiyanın cənub-qərbində türk, fars və hind mədəniyyətləri sıx