HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
27
Kanquy dövləti bir müddət Asiya Hun imperiyasının hakimiyyəti altında olmuşdur. Çin dövləti hunların təcavüzünün qarşısını almaq məqsədilə onların müttəfiqlərini öz tərəfinə çəkməyə çalışırdı. Bu məqsədlə e.ə. 139-cu ildə Çanq Çien elçi kimi Qərb bölgələrinə (Mərkəzi Asiyaya) göndərilmişdir. O, əvvəl yüeçilər (e.ə. 139-126-cı illər), daha sonra usunlarla (e.ə. 119-115-ci illər) ittifaq quraraq hunlara qarşı ortaq bir hücum planlaşdırmışdı, lakin Kanquy və digər Mərkəzi Asiya dövlətləri bu ittifaqa qoşulmadığı üçün çinlilərin planı gerçəkləşməmişdi.
III əsrdə daxili çəkişmələrdən zəifləyən Kanquy dövləti bölgədəki bəzi bəyliklərin müdaxiləsi ilə süqut etmişdir. Bu dövlətin əvvəllər yerləşdiyi ərazidə - Sırdəryanın orta hövzəsində qədim dövrdən bu günə kimi Kanqlı adlı türk boyu yaşayır. Azərbaycan, qazax, qaraqalpaq, qırğız və özbəklərin bir boyu olan kanqlılar (Kanger - Kəngər) hətta yakutlar arasında da vardır (kanqar). Onların qədim Kanquy dövlətinin əhalisi ilə bağlı olduğu hesab olunur.
E.ə. I minilliyin 2-ci yarısından b.e. ilk əsrlərində mövcud olan qədim Parkana (Çin mənbələrində - Davan) dövləti Fərqanə vadisinin (indiki Özbəkistan və Qırğızıstanın əraziləri) mərkəzi və şərq hissələrini əhatə edirdi. Əhalisi, əsasən, iranmənşəli idi, lakin Parkanada prototürk etnoslar da yaşayırdı.
Parkana şəhərlərinin ümumi sayı yetmişə çatırdı. Fərziyyəyə görə, dövlətin paytaxtı - Quyşan şəhəri (e.ə. I əsr) indiki Oş (Qırğızıstan) şəhərinin yerində olub.
Parkana tarixinin son dövrü haqqında (b.e. ilk əsrləri) məlumatlar yarımçıqdır. Bəzi ehtimallara görə b.e. I və II əsrləri arasında Parkana Kuşan dövlətinin hakimiyyəti altına düşmüşdü.
Həmçinin məlumdur ki, b.e. V əsrində Parkananın ərazisi Mərkəzi Asiyanın qərbindən Fərqanə vadisinə basqın etmiş eftallar tərəfindən zəbt edilmişdir.