24
HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
Hunların vətən sevgisi
E.ə. II əsrə aid qədim Çin salnamələrinin birində, “Han-şu” (“Xan sülaləsinin tarixi”) adlı əsərdə hunların hökmdarı haqqında belə bir rəvayət söylənilir: “Hunların hökmdarı Metenin çox güclü orduya malik olmasına baxmayaraq, Böyük çöldə sülh və əmin-amanlıq istəyirdi. Qonşuluqda yaşayan Tunq-hu tayfası isə hunların hələ də zəif olduqlarını hesab edirdi.
Bir gün Tunq-hu tayfasından elçi gəlib Metedən öz sevimli atını verməyi tələb etdi. Müharibə olmasın deyə Mete atını Tunq-hu başçısına bağışladı. Tunq-hular bununla kifayətlənmədilər. Növbəti dəfə onlar Metedən onun qadınını istədilər. Mete Tunq-hu başçısının istədiyi qadını ona göndərdi.
İstədikləri yerinə yetdikcə tunq-hular həvəsləndilər və ondan öz ərazilərinə bitişik olan şoran torpaqların kiçik bir hissəsini tələb etdilər. Bax bu istək Metenin şəxsi qəzəbini milli qəzəbə çevirdi. O, dərhal qurultay çağıraraq dedi:
-At mənə məxsus idi, mən onu verdim... Qadınıma da şəxsən mən cavabdeh idim və mən millətimin əmin-amanlığı üçün onu da verdim... İndi istədikləri torpaq isə dövlətimizin torpağıdır. Bu torpaq təkcə mənim deyil, bütün hunlarındır. Şoran da olsa, vətən torpağının bir qarışı da verilməz!
O, düşmənə müharibə elan edərək, onların üzərində qələbə çaldı”.
Xan sülaləsinin tarixi. Hsing-nu (Hun) monoqrafiyası. Ankara,
2004-cü il.
Mete xaqanın yerində olsaydınız, siz nə edərdiniz? Müzakirə edin.
Pazırık kurqanı
Cənubi Sibirdə Altay dağlarının ətəklərində aşkar olunmuş Pazırık kurqanı təxminən e.ə. V-III əsrlərə aiddir. Bu kurqan buz qatı ilə örtüldüyündən onun içərisində min illər ərzində çürüməmiş insan və heyvan qalıqları tapılmışdır.
Şək. 2.1. Pazırık kurqanından tapılmış təkərli araba. E.ə. V-III əsrlər.
Ermitaj muzeyi. Sankt-Peterburq, Rusiya