HUN İMPERİYALARI VƏ SONRAKI TÜRK DÖVLƏTLƏRİ
23
Çin mənbələrinə görə, bu dövlət Sün-nu (Hsiung-nu) adı ilə e.ə. III - b.e. III əsrləri arasında mövcud olmuşdur. Tuman (Teoman) ilk məlum hökmdarıdır.
Ərazisi Mərkəzi Asiya, Cənubi Sibir, Monqolustan, Şimali Çin, Şərqi Türküstanı (indiki Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonu (SUMR)) əhatə etmişdir. Tumanın oğlu Mete (Mode) Şanyunun (Mao-dun Tenqri Qut) hakimiyyəti zamanı bu dövlət özünün ən qüdrətli dövrünü yaşamışdır. Hunların yüz minlərlə atlı qoşunu ətrafdakı Yüeçi, Uysun, Tunq-hu (Tunquz), Kiyenkun (Qırğız) və Tinq-linq tayfalarını öz hakimiyyəti altına almışdır. Bundan başqa, Mete Çinin Xan sülaləsinin qoşunlarını darmadağın edərək Şimali Çinin bir sıra ərazilərini tutmuşdur.
Hunlar Şərqi Türküstanın şəhər-dövlətlərini özlərindən asılı vəziyyətə salmış, İpək yolunun Şimali Çinə gedən xəttini nəzarət altına almışdılar. E.ə. 40-cı illərdə hunların hökmdarı Çi-çi Yeddisuda Talas çayının sahilində şəhər saldırmışdır.
Asiya hunlarının imperiyası çinlilərin müdaxiləsi və öz hökmdarlarının taxt-tac uğrunda mübarizəsi nəticəsində III əsrdə parçalanıb süqut etmişdir. Hunların bir hissəsi Çinə gedib orada kiçik dövlətlər yaratmış, digər hissəsi Qərbə üz tutaraq Şərqi Avropada öz dövlətlərinin əsasını qoymuşlar.
Hunların dili haqqında
Dövrümüzə Asiya hunlarının dilinə aid az material gəlib çatmışdır. O dövrdə Talas (Taraz), Çaç (Şaş, Daşkənd), Silis (Sırdərya), İdil (Volqa), Dayık (Yayık/Ural) kimi bölgə və çay adlarının mövcud olması və bu sözlərin qədim türk dilində açıqlanması hunların dilinin, həqiqətən, türk dili olmasının sübutudur. Mahmud Qaşqarlı da türk ölkələrində böyük çayların İdil adlandırıldığını yazmışdır. Çin salnamələrində qeyd edilir ki, Hsiungnu (Hun) dilində səmaya Tenqli (Tenqri) deyirdilər və bu söz bu gün də bütün türk dillərində Tanrı mənasında işlədilir. Bundan başqa, Şimali Qafqazda yaşayan hunların Tenqri-xan adında tanrıya səcdə etmələri haqqında başqa mənbələrdə də məlumatlar var.
“Hun” adı uzun əsrlər boyu bütün qədim türk tayfaları üçün ümumi ad olmuşdur. Çinlilər Tu-jüe (Göytürk) və başqa türk tayfalarına Sün-nu (Hsiung-nu) deyirdilər. III-IV əsrlərə aid olan soqdi dilində yazılmış “Köhnə məktublar”da da Çinin şimal-qərbində yaşayan atlı köçəriləri çinlilər Hun adlandırmışlar. Eləcə də Pəncikənddə (Tacikistan) aşkar edilən Muq dağının Soqd arxivində Türk xaqanlığında yaşayan xalq xun (Hun) adı ilə (“I. Göytürk 552-630” və “II. Göytürk (Kutluk) 682-742”) qeyd olunur.