TÜRK DÜNYASI BƏŞƏR TARİXİ KONTEKSTİNDƏ
17
Andronov mədəniyyəti Altay və Tanrı dağları, Cənubi Sibirdən başlayaraq Xəzər dənizinin şimal-şərq sahillərinə qədər uzanan geniş ərazidə formalaşmışdır. Bu mədəniyyətdə mis məmulatlarla bərabər, tunc, gümüş və qızıldan düzəldilmiş əşyalara da rast gəlinir. Hazırladıqları əşyaları heyvan təsvirləri ilə bəzəyən bu toplum atları əhliləşdirmişdir.
Türklərin ilk vətənlərindən biri sayılan Altayda aparılan arxeoloji tədqiqatlar göstərmişdir ki, bu mədəniyyətlərdə, xüsusilə ikincidə, türk xalqları üçün səciyyəvi olan antropoloji insan tipi formalaşmışdır. Bu döyüşkən (cəngavər) köçəri tayfaların e.ə. 1700-cü ilin sonlarında Altay dağları ilə Tanrı dağı arasındakı ərazidə kütləvi şəkildə məskunlaşdığı məlumdur. Beləliklə, onlar Mərkəzi Asiya mədəniyyətinin təməlini qoymuşlar.
E.ə. II-I minilliklər arasında Fərqanə vadisində (müasir Özbəkistanın ərazisi) Çust mədəniyyəti mövcud idi. Bu, bölgədə yaşayan İran və türk əhalisinin yaratdığı oturaq əkinçilik mədəniyyəti idi. Arxeoloji tədqiqatlar Çust mədəniyyətində tuncdan oraq, bıçaq və güzgülər hazırlandığını göstərir. Bunlarla yanaşı, onlar daş əmək alətlərindən də istifadə edirdilər. Əkinçiliklə bərabər, burada heyvandarlıq da inkişaf etmişdi.