148
TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
Bu gün türk xalqları yaşadıqları Anadoludan Sibirə qədər uzanan geniş məkanda güləşi, bir qayda olaraq, ənənəvi bayramlarda (Novruz, Sabantoy və s.) və xüsusi əhəmiyyətli günlərdə keçirirlər. Hər il iyun ayında Türkiyədə keçirilən “Qırxpınar yağlı güləşləri”, Tatarıstan, Başqırdıstan və Çuvaşıstanda yayın əvvəlində ənənəvi Sabantoy bayramında keçirilən “Köreş/Köreşü” yarışları buna nümunə ola bilər. Özbəkistanın təşəbbüsü ilə hər il dünyanın müxtəlif ölkələrində həyata keçirilən beynəlxalq “Özbek kureşi” yarışları, Qazaxıstan tərəfindən təşkil olunan beynəlxalq “Kazak küresi” yarışları və Qırğızıstanda keçirilən “Köçmön oyundarı” (Köçəri oyunları) kimi əcdadlarımızdan bizə irs qalan bu idman növünün türk xalqları üçün nə dərəcədə dəyərli olduğunun əyani sübutudur.
“Kökbörü” oyunu Mərkəzi Asiya xalq mədəniyyətində, xüsusilə türk xalqlarında at yarışı növlərindən biridir. Bu oyun iki komanda arasında oğlağın (keçi balası) at belində müəyyən məsafəyə qədər aparılması şəklində keçirilir. Oğlağı aparan atlı