144
TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
Bu ortaqlığı türk xalçaçılıq ənənələrində də görmək olur. Əksər türk xalqlarının xalçalarında həndəsi naxışlarla bərabər, həm də heyvan təsvirləri və ya buynuzları vardır.
Bundan başqa, toylarda, doğum və ölümlə bağlı mərasimlərdə tətbiq olunan adətlərdə çoxlu oxşarlıqlar müşahidə etmək olur. Məsələn, demək olar, əksər türk xalqlarında evlilik (nikah) mərasimi toy adlandırılır. Toylarda verilən yemək-içməklərdə, xalq oyunlarında və təbriklərdə bu oxşarlıq özünü aydın büruzə verir. Toylarda vəkil ata, ökil ata, sağdış adında təmsilçilərin olması, uşaq doğulduqda beşik toyu adı ilə tədbir keçirilməsi, sünnət toylarında uşağın dayısı tərəfindən dayça (at balası) hədiyyə edilməsi bunlara nümunədir. Elçilik adətlərində də oxşarlıq var.
Türk xalqlarının musiqi mədəniyyəti və xalq oyunlarında hər bir bölgənin özünəməxsusluğu fərqlilik kimi görünsə də, ortaq xüsusiyyətlər daha çoxdur. Bu xüsusilə bəzi çalğı alətlərinin eyni adla adlandırılmasında gözə çarpır. Məsələn, dombra, qopuz (kobuz), çan-kobuz, sipsi (sıbızğı), davul (tabıl), zurna (sürney), boru (burğu).
Sibir türkləri və başqırdlarda nəğmə sənətinin boğazlaoxuma adlı xüsusi növü mövcuddur. Belə oxuma tərzi əsasən epik dastanlarda istifadə olunur. Boğazlaoxuma Altay türklərində “kaay”, xakaslarda “xaay”, tıvalılarda “xoomey” və “karqıraa”, yakutlarda “xabarqa ırıata”, başqırdlarda isə “uzlən” adları ilə tanınır.