TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
141
Onları dinləyən siçan nə deyəcəyini bilmir. O, bir hiylə düşünüb deyir:
-Bu mübahisədən bir şey çıxmaz. Gəlin günəşin çıxmasını gözləyək, kim onu birinci görsə, qoy o da təqvimdə birinci olsun.
Hamı fikrə gedir. Dəvə öz hündür boyuna güvənərək fikirləşir: “Kim məndən tez görə bilər ki?!” Sonra siçanın sözlərini dəstəkləyir. Bir müddət keçəndən sonra siçan dəvənin belinə çıxıb onun hörgücündə oturur. Heyvanlar bir-biri ilə ilk kimin günəşi görə biləcəyi haqqında mübahisə edərkən hamıdan yüksəkdə oturan siçanı görəndə dərhal susurlar.
Beləliklə, günəşin çıxmasını birinci siçan görüb xəbər verir və təqvimdə birinci olur. Öz hündür boyuna arxalanan dəvənin isə ümidləri boşa çıxır.
Qazax nağılları. II c., Almatı, 1962, səh. 190-191
Sizcə, bu nağılda nədən bəhs olunur? Sinifdə yoldaşlarınızla müzakirə edin.
Türk xalqlarının yaşadığı hər bölgənin özünəməxsus musiqisi və rəqsləri var. Xalq rəqsləri sahəsində ortaq xüsusiyyətlər qorunmaqla bərabər, Qafqaz, Yaxın Şərq, Anadolu, Balkanlar, Krım, Mərkəzi Asiya, Volqa-Ural və Sibir kimi bölgələrin hər birinin özünəməxsus üslubu formalaşmışdır. Bölgəyə görə türk xalqlarının musiqi və rəqslərində həm oxşarlıq, həm də fərqliliklər var. Bununla belə, bir-biriləri ilə həmsərhəd olan bölgələrin mədəni dəyərləri tədricən bir-birinə keçərək vahid ənənələr zənciri yaratmışdır.
Türk xalqlarında xalq rəqslərinin çoxlu sayda növləri mövcuddur. Anadolu və Yaxın Şərqdə “Halay”, Azərbaycanda “Yallı”, özbəklərdə “Ləzgi”, qazax və qırğızlarda “Qara corqa”, Krım tatarlarında “Qaytarma” və s. rəqs növləri var. “Halay” və “Yallı”, “Ləzgi” və “Qaytarma” rəqsləri arasında çox oxşarlıq var. Qərbi Anadoluda yayılmış “Zeybək” rəqsi isə bir çox cəhətdən Mərkəzi Asiya və Sibir xalq rəqslərinə oxşayır.
Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutan bu rəqs qədim mifologiya ilə bağlıdır. Qobustan qayalıqlarında bizim eradan əvvəlki dövrlərə aid olan təsvirlər vardır. Bu qayaüstü rəsmlərdə çoxlu sayda insanların əl-ələ tutub rəqs etmələrini görmək olar.