140
TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
İl sayı qaban ilinə çatdıqdan sonra yenidən siçan ilindən başlayır.
Qaşqarlı Mahmud. “Divanü lüğat-it-türk”. Red. A.B.Ercilasun,
Z.Ağqoyunlu, Ankara, TDK, 2014, səh. 149
1. Bu mətndə söhbət hansı təqvimdən gedir? İzah edin.
2. Bu təqvimdə heyvan adlarından istifadə edilməsi səbəbini türklərin ictimai və iqtisadi həyatı baxımından qiymətləndirin.
Aşağıda on iki heyvanla bağlı təqvim haqqında qazax nağılı verilmişdir:
Təqvimdə birinci olmaq istəyən
heyvanlar haqqında nağıl
Qədim zamanlarda heyvanlar təqvimdə birinci olmaq üçün öz aralarında mübahisə etməyə başlayırlar.
At deyir:
- Mən uzaqları yaxın edə bilirəm. Mənim gücümdən faydalanır, südümdən içir, hətta tükümdən sap kimi istifadə edirlər. İnsanlara məndən çox xeyir verən heyvan yoxdur. Ona görə də təqvimdə birinci mən olmalıyam.
Dəvə deyir:
- Sən insanların işini görürsən, yediyin saman üçün onlara kölə olursan. Mən isə sənin daşıya bilmədiyin ağır yükləri daşıyır və aylarla uzaq məsafələrə gedə bilirəm. Ac olduqda arpa, buğda istəmirəm. Nə tapıramsa, onu yeyirəm. Su tapanda içirəm, tapmayanda səhrada onsuz keçinirəm. Təqvimdə birinci olmağa mən layiqəm.
İnək (və ya öküz) deyir:
- İnsan tarlada əkin əkirsə, məndən istifadə edir, südümü içir və ondan yağ düzəldir. Ona görə də təqvimdə birinci mən olmalıyam.
Qoyun deyir:
- Əgər mən olmasaydım, qazaxlar öz alaçıqlarını nə ilə örtərdilər? Onlar mənim yunumdan keçə düzəldir, paltar tikir, ip və sap əyirirlər. Məndən faydalısı yoxdur.
İt deyir:
- Mən olmasaydım, bir çoxunuz ya oğurlanar, ya da qurd-quşa yem olardınız. Mən hamınızın qoruqçunuzam, düşmən görəndə hürür, sahibimə xəbər verirəm.
Xoruz deyir:
- Mən olmasaydım, insanlar tezdən yuxudan dura bilməz, yatıb qalardılar. Mən onlara səhərin açılmasını bildirirəm. Axşam düşəndə isə yatmaq vaxtının gəldiyini xəbər verirəm.