TÜRK DÜNYASININ ORTAQ MƏNƏVİ VƏ MƏDƏNİ İRSİ
131
Koroğlu, Mərkəzi Asiyada Göroğlu kimi tanınan “Koroğlu” dastanı ortaq dəyərlərimizdən biridir. Türk dastanlarındakı Manas və Koroğlu kimi qəhrəmanların türk tayfalarını bir araya toplayaraq düşmənlərə qarşı mübarizə apardıqları əsrlərdən bəri ozanlar və aşıqlar tərəfindən söylənilir.
Söz ustası və ədalət simvolu olan Nəsrəddin Xoca Mərkəzi Asiyadan Anadoluya qədər uzanan böyük ərazidə məskunlaşan türk xalqları arasında çox sevilir. O, Azərbaycanda Molla Nəsrəddin, Mərkəzi Asiyada Xoca Nesriddin efendi/apendi, yaxud Koja Nasır adı ilə tanınır.
Türk dünyasının ortaq xarakterlərindən biri də Keloğlandır. O, Mərkəzi Asiyada Tazşa-bala, Azərbaycanda Keçəl kimi məşhurdur.
Molla Nəsrəddin lətifəsi
Ye, çuxam, ye
Günlərin birində Molla Nəsrəddin bir məclisə gedir. Əyin-başına o qədər də fikir verməyən və gündəlik geyimlərindən birini geyinib həmin məclisə gedən Mollaya heç kim diqqət yetirmir, sanki yoxmuş kimi davranırlar. Molla məclisi yarımçıq tərk edir, evə gedib çox bahalı geyim geyinir və yenidən məclisə qayıdır. Bir az əvvəl Mollaya salam verməyənlər indi təzim edərək onu məclisin baş tərəfində əyləşdirirlər. Süfrəyə düzülən naz-nemətdən onun qabağına gətirirlər. Bu zaman Molla yeməklərdən əlinə götürür və çuxasına baxaraq deyir: “Ye, çuxam, ye”. Bunu görən insanlar: “Ay Molla, bu nə deməkdir, çuxa da yemək yeyərmi?” - deyə sual verirlər.
Molla deyir: “Məclisə ilk gəldiyimdə əynimdəki libasıma görə mənə verilən qiyməti görüb evə qayıtdım. Bu bahalı geyimləri geyinib təkrar bura gəldim və tamam başqa bir səhnə ilə qarşılaşdım. Anladım ki, məclisdə mənə deyil, əynimdəki çuxaya qiymət verildi. Ona görə də mən çuxama müraciət edərək yeməkləri onun yeməsini istədim. Buradakı hörməti mən yox, çuxam gördü, yeməyi də qoy o yesin”.
İnsanın xarici görünüşü deyil, mənəvi simasının vacibliyi haqqında esse yazın.