TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
127
etməsi Osmanlılar ilə Ağqoyunlular arasında müharibələrə səbəb olmuşdur. Bu məğlubiyyətdən sonra Ağqoyunlu dövləti öz siyasi və hərbi nüfuzunu xeyli dərəcədə itirmişdir. Bununla belə, 1474-1477-ci illərdə Həsən padşah Gürcüstana hücum etmiş, gürcü çarı ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən, Şərqi Gürcüstan, Tiflis də daxil olmaqla, Ağqoyunluların hakimiyyəti altına keçmişdir. 1478-ci ildə Həsən padşahın ölümündən sonra onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlamış və bu, Ağqoyunlu dövlətinin zəifləməsinə gətirib çıxarmışdır. 1503-cü ildə Ağqoyunlu dövləti başqa bir türk hökmdarı Şah İsmayıl Səfəvi tərəfindən tamamilə süqut etdirilmişdir.
“Həsən padşah qanunları” kimi tanınan Uzun Həsən qanunlarının Osmanlı dövləti və Səfəvi dövləti tərəfindən də tətbiq olunduğu məlumdur. Qeyd etmək lazımdır ki, dövlətdəki maliyyə vəziyyəti ilə bağlı qaydaları göstərən bu qanunlar xalqın rifahını yaxşılaşdıran maddələri əhatə edirdi.
Uzun Həsənin anası Sara xatun XV əsrdə Ağqoyunlu dövlətində apardığı ölçülüb-biçilmiş xarici və daxili siyasət sayəsində dövrünün ən görkəmli şəxsiyyətlərindən biri idi. Sara xatun qonşu dövlətlərin hökmdarları ilə gedən danışıqlarda fəal iştirak edirdi, sazişlər bağlayır, sülhü bərqərar edirdi. Türk tarixində o, ən nüfuzlu qadın diplomatlardan biri olmuşdur. Özünün yerinə yetirdiyi bütün diplomatik vəzifələrindən əlavə, Sara xatun həm də məscidlər, zaviyələr (sufilərin ibadətgahları) və pulsuz yeməkxanalar tikdirərək dövlətin idarəetməsində fəal iştirak edirdi.
Həsən padşahın qanunlarını öyrənin. Bu qanunlar çərçivəsində insanların rifahının yaxşılaşdırılmasını nəzərdə tutan maddələri qeyd edin.