TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
125
Qaraqoyunlular Teymuri hökmdarı Şahrux tərəfindən məğlubiyyətə uğradılmışdır. Şahrux geri döndükdən sonra Qara İsgəndər (1420-1436) güclənməyə başlamışdır. O, Ağqoyunlu hökmdarı Qara Yuluq Osman üzərində qələbə çaldıqdan sonra öz hakimiyyətini Şərqi Anadolu üzərində bərqərar etmişdir, 1435-1436-cı illərdə Şahrux Qara İsgəndərə qarşı yürüş təşkil edərək taxt-tacı onun əlindən almış, əvəzinə isə ona sadiq olan Cahan şahı Təbrizə canişin təyin etmişdir.
Cahan şahın hakimiyyəti dövründə Gürcüstan, İsfahan, Fars və Kirman tutulmuşdur. 1458-ci ildə Heratı ələ keçirməklə (yalnız beş ay müddətinə) Cahan şah böyük əraziləri öz nəzarəti altına almışdır.
Qaraqoyunlu dövlətinin varlığına 1468-ci ildə Ağqoyunlu Həsən bəy (Uzun Həsən) tərəfindən son qoyulmuşdur.
Qaraqoyunlu dövründə dini memarlıq abidələrinə nümunə olaraq Vanda Ulu Camini (Böyük məscid), İsfahanda Cümə məscidi, həmçinin Təbrizdə Göy məscid və mədrəsəni göstərmək olar.
Osmanlı hökmdarı Fateh Sultan Mehmetin Qaraqoyunlu Cahan şaha “Əziz atam Cahan şah” sözləri ilə başlayan məktubunda deyilir: “Osmanlı dövləti tərəfindən edilən fəthlər Azərbaycan tərəfindən edilən fəthlər kimi qiymətləndirilməlidir. Bizim tərəfin fəthi sizin tərəfin fəthi deməkdir və ya əksinə”.
Firidun bəy. “Münşeat”. I c., səh. 223-224
1. Nə üçün Osmanlıların fəthlərini Azərbaycan tərəfindən edilən fəthlər kimi qiymətləndirmək lazımdır? Sinifdə müzakirə edin.
2. Bugünkü türk dövlətləri arasındakı oxşar qarşılıqlı mədəni münasibətləri araşdırın və buna misallar gətirin.
Oğuz türklərinin Bayandurlu boyuna mənsub olan Ağqoyunlu bəyliyinin əsası XIV-XV əsrlərdə Qara Yuluq Osman tərəfindən qoyulmuş, paytaxt Diyarbəkir olmuşdur.
Qaraqoyunlularla qohum tayfadan olan Ağqoyunluların başçısı Qara Yuluq Osman məmlük sultanına xidmət etmiş, sonra 1400-cü ildə