122
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Teymurilər dövründə Səmərqənd, Buxara, Yassı (Türküstan), Bəlx, Herat, Kabil, Səbzivar, Şiraz şəhərləri ticarət mərkəzlərinə çevrilmişdir. Bu şəhərlərdə Teymurilərin hökmdarları tərəfindən onlarla mədrəsə, məscid, xəstəxana, hamam, körpü, yol və başqa memarlıq tikililəri inşa edilmişdir. 1403-cü ildə Azərbaycanın Beyləqan şəhərində də inşa işləri aparılmışdır.
Tikinti və ticarətlə bərabər Teymur əkinçiliyə də diqqət yetirirdi.
Əhalisinin əksər hissəsi köçəri həyat tərzi sürən Türküstan şəhərlərinin inkişafına Teymurilər böyük əhəmiyyət vermişdir. Onlar su kanalları çəkərək əkinçiliyi inkişaf etdirmişdilər. Teymurilər ticarət yollarında yerləşən böyük şəhərləri qovşaq məntəqələrinə çevirmiş, çoxlu sayda kitabxana və mədrəsə tikdirmişdilər. Bu baxımdan XIV-XV əsrlər Səmərqəndin qızıl dövrü kimi tarixə düşmüşdür.
Teymurilər dövründə Türküstan dünya sivilizasiyasının önəmli mərkəzlərindən birinə çevrilmişdir və bu, Teymurilər dövlətində yaşayan müxtəlif xalqların qarşılıqlı təsiri sayəsində mümkün olmuşdur.
Əlişir Nəvai
XV əsrin ikinci yarısında yaşayan və mədəniyyət tarixində parlaq iz qoymuş böyük türk şairi Əlişir Nəvai (1441-1501) türk dili və poeziyasının inkişafında mühüm yer tutur.
Nəvai “Muhakemet-ül-Lüğateyn” (“İki dilin mühakiməsi”) adlı əsərində türk və fars dillərini müqayisə edərək türk dilinin fars dilindən daha üstün olduğunu söyləmişdir.
Əlişir Nəvainin “Lisanut-Tayr” (“Quşların dili”) əsərindən bir parça:
“Türk nazmıda çü men tartıb aalem,
Eyledim ol memleketni yek-kalem.
Dehr ara Şeh çü Türk vakıdur,
İl ara Türk lafzı şayidür”.
(Türk şeirində mən bayraq açıb,
O məmləkətləri tək qələm eylədim.
Dünyada padşahlar türkdür,
Ölkələrdə türk dili məşhurdur.)
Şeirin mənasını araşdırın və bu barədə esse yazın.