120
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Teymurilər dövlətinin sərhədləri çox geniş olduğundan bu imperiyanın torpaqlarında əsas türk əhalisindən əlavə, həm də müxtəlif etnik qrupa və dinə mənsub olan xalqlar yaşamışdır. Bu dövrdə fars və türk dili Teymurilərin əsas yazışma dilləri olaraq istifadə olunmuşdur. Tarixi əsərlər daha çox farsca yazılsa da, fərman və əmrlərin qədim uyğur əlifbası ilə türk dilində yazılmasına diqqət yetirilmişdir. Ərəb dili isə daha çox elmi və dini sahələrdə istifadə olunmuşdur.
Teymur Səmərqəndi imperiyanın paytaxtı etdikdən sonra orada möhtəşəm memarlıq abidələri tikdirmiş, hərbi yürüşlərdə ələ keçirdiyi ərəb, fars ölkələri, Hindistan və başqa bölgələrdən Səmərqəndə çoxlu sayda memar, sənət adamları və alimlər gətirtmişdir. Bundan əlavə, onun Qara dənizin şimalına etdiyi yürüş zamanı Avropa xalqlarının nümayəndələri də Mavəraünnəhrə köçürülmüşdür.
Teymurilər dövlətinin iqtisadi həyatında oturaq mədəniyyət üstünlük təşkil etmişdir. Bu dövrdə də əvvəlki türk-monqol dövlətlərində olduğu kimi, İpək yolunun, demək olar ki, bütün xətlərinin Teymurilərin nəzarəti altında olması beynəlxalq iqtisadi və mədəni əlaqələrin inkişafını təmin etmişdir.