TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
117
ədəbiyyatının inkişafında ən yüksək zirvəyə çatdığı bir bölgəyə çevrilmişdir. Mərkəzi Asiyanın tarixində əsas mədəni mərkəzlərdən biri olmuş paytaxt Heratda ən məşhur türk şairləri və alimləri çalışırdı.
Məhəmməd Şeybani xanın əvvəlcə Səmərqəndi, sonra isə 1507-ci ildə Heratı ələ keçirməsi Teymurilər sülaləsinin tənəzzülünə səbəb olmuşdur. Bu sülalənin nümayəndəsi Babur Türküstanda uğur qazanmayıb Hindistana yollanmış və burada o, Böyük Moğol imperiyasını yaratmışdır.
Teymurilər imperiyası türklərin Mərkəzi Asiyada yaratdığı ən böyük dövlətlərdən biri idi. O dövrdə Türküstan və Xorasan islam memarlığının çiçəklənməsi dövrünü yaşayırdı.
XV əsrin sonundan başlayaraq, Türküstan, Krım, Qazan və Azərbaycanda Cığatay türkcəsi yüksək bir mədəniyyət dili halına gəlmişdir.
Din, elm və incəsənətin qoruyucusu olan Teymurilər Mavəraünnəhr və Xorasanda türk dilinin, türk incəsənəti və mədəniyyətinin fars mədəniyyəti təsiri altında assimilyasiyaya uğramasının nəinki qarşısını almış, hətta hakim olmasını təmin etmişdir. Türk xalqlarının qiymətli ədəbi əsəri olan Yusif Balasaqunlunun “Qutadqu Bilik” (“Səadət gətirən elm”) əsərinin yenidən (Herat, Fərqanə və Vyana nüsxələrinin) Teymurilər dövründə qədim türk (uyğur) və ərəb əlifbası ilə yazılması bu sülalənin türk milli kimliyinə nə dərəcədə önəm verdiklərini göstərir. Bu dövrdə türk ədəbiyyatı əhəmiyyətli dərəcədə inkişaf etmiş, incəsənət, elm və ədəbiyyat ən parlaq zamanlarından birini yaşamışdır.
Teymurdan sonra hökmdarlıq taxtına çıxmış oğulları və nəvələri də eyni şəkildə mədəniyyətin inkişafı ilə məşğul olmuşlar. Teymurun oğlu Şahrux, nəvəsi Uluqbəy və digər xələflərinin hakimiyyəti dövründə inkişaf edən incəsənət və elm dünyası həmin dövr türk tarixində xüsusi yer tutur. Teymurilərin hakimiyyəti zamanında Səmərqənd, Buxara, Şəhrisəbz, Yassı (Türküstan), Herat kimi şəhərlərdə dövrümüzə qədər gəlib çatmış onlarca heyrətamiz memarlıq abidəsi inşa edilmişdir.
Teymurilər sülaləsindən olan hökmdarlar arasında Uluqbəy elm və biliyə xüsusi əhəmiyyət verməsi ilə birlikdə, türk milli dəyərlərinə də sahib çıxmışdır. Onun zərb etdirdiyi pulların üzərində ərəb hərfləri ilə türkcə “Emir Timur Küreqan (damad) Himmetindin Uluq Bey Küreqan Sözüm” (“Əmir Teymur Küreqan (“küreqan” - Teymur və onun nəsillərinin daşıdığı titul olub, hərfi mənada xanın kürəkəni deməkdir) nəslindən olan Uluqbəy Küreqanın sözü”) cümləsi yazılmışdır. Məlum olduğu kimi, əvvəllər türk-müsəlman hökmdarlarının adından zərb olunan pulların üzərində yazılar, əsasən, ərəb və fars dillərində verilirdi.
Uluqbəyin yazdığı “Tarih-i Erba Ulus” (“Dörd ulusun tarixi”) əsəri Çingiz xanın törəmələri tərəfindən idarə olunan dörd türk-monqol ulusunun tarixinə həsr olunub.