TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
113
Əli Quşçu
Türk astronomu və riyaziyyatçısı Əli Quşçu Teymurilər dövründə Səmərqənddə təhsil almış, sonralar isə Osmanlı imperiyasında böyük şöhrət qazanmışdı. Onun XV əsrin əvvəllərində Səmərqənddə anadan olduğu təxmin edilir. Əli Quşçu Ağqoyunlu hökmdarı Həsən padşah tərəfindən Fateh Sultan Mehmet sarayına səfirkimi göndərilmişdi. Zəkasına heyran olan Fatehin israrı ilə Əli Quşçu səfirlik missiyasını başa çatdırdıqdan sonra İstanbula qayıtmış, böyük hörmət və təmtəraqla qarşılanmışdı. Sonralar o, Ayasofya mədrəsəsinə müdərris (müəllim) təyin edilmişdi. Bu təyinetmə İstanbulda riyaziyyat və astronomiya sahəsində aparılan tədqiqatların inkişafına təkan vermişdi. Əli Quşçunun mühazirələrini hətta alimlər də gəlib dinləyirdilər.
Əli Quşçunun üzərinə, eyni zamanda Fateh tərəfindən əsası qoyulmuş Sahnı-Seman mədrəsələrinin proqramını tərtib etmək vəzifəsi də qoyulmuşdu. Məlumdur ki, o, İstanbulun yerləşdiyi, əvvəllər 60 dərəcə kimi müəyyən edilmiş coğrafi uzunluğu dəqiqləşdirib onun 59 dərəcə, coğrafi enliyin isə 41 dərəcə 14 dəqiqə olduğunu təsbit etmişdir. Fateh məscidində Əli Quşçunun Günəş saatı qalmaqdadır.
Əli Quşçu 1474-cü ilin dekabrında İstanbulda vəfat etmiş və Əyyub Sultan türbəsinin yanında dəfn olunmuşdur. Onun tələbələri arasında ən tanınmışları nəvəsi Mirim Çələbi və Molla Lütfidir.
Əli Quşçu astronomiya, riyaziyyat, islam hüququ, dilçilik və başqa sahələrə aid çoxlu sayda əsərlər qələmə almışdır.
Çingiz Aydın. “Əli Quşçu”.
Türkiyə Dəyanət Vəqfi İslam Ensiklopediyası, 1989, II c., səh. 408-410
Sizcə, Əli Quşçunun hansı şəxsi keyfiyyətlərinə görə hər iki hökmdar ona hörmət edirdi?
Osmanlı türkləri hələ Osmanlı dövlətinin yaranmasından çox-çox əvvəl mövcud olmuş ərəb və fars müsəlman mədəniyyətlərinin, dil və ənənələrinin təsirinə məruz qalmışdı. Osmanlı dövləti imperiyaya çevriləndən sonra başqa mədəniyyətlərlə qarşılıqlı əlaqə xüsusilə gücləndi. Saray ədəbiyyatı sürətlə inkişaf etdi, Osmanlı sarayında yüzlərlə şair və yazıçı çalışmağa başladı. Bununla belə, Anadolu, Balkan və Yaxın Şərq türkləri qədim vətənləri olan Mərkəzi Asiyadan gətirdikləri milli-mədəni dəyərləri qoruyub saxlamışdılar. Rəsmi dövlət dili türk dili idi.