112
TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
Bu insanlar hətta başqa ölkədən dövlətimə birini gətirərsə, onlar da eyni haqlara sahibdirlər.
Bu padşah fərmanını elan edərək burada yerlərin, göylərin yaradıcısı və əfəndisi Allah, onun elçisi əziz peyğəmbərimiz Məhəmməd və 124 min peyğəmbər adına qurşandığım qılınca and içirəm ki, əmrimə əməl edib mənə sadiq qaldıqları müddətdə xalqımdan heç kim bu fərmanda yazılanların əksinə hərəkət etməyəcəkdir.
Sizcə, Bosniya fərmanında Fateh Sultan Mehmetin elan etdikləri onun uğurlarına necə kömək etmişdi?
Osmanlı dövlətinin tolerant mühitdə yaşayan qeyri-müsəlman əhalisinin bir hissəsi (məsələn, bosniyalılar və albanlar) dözümlülük şəraitində islamı qəbul etmişdilər.
Dövlət türk əhalisini Avropanın yenicə işğal olunan ərazilərində yerləşdirir və buraların türklər üçün əsl vətən olması üçün səy göstərirdi. Dövlətin əsası qoyulduğu dövrdə Mərkəzi Asiyanın qərb bölgələrindən gələn türklər də yeni tutulmuş ərazilərdə məskunlaşırdılar.
Osmanlı torpaqlarına əkinçilik üçün əlverişli olan bir çox məhsuldar vadilər, vahələr daxil idi və bunun sayəsində Osmanlı imperiyası öz dövrünün ən iri iqtisadi mərkəzinə çevrilmişdi. Adriatik, Qara dəniz, Aralıq dənizi və Qırmızı dəniz kimi dünyanın ən önəmli su yolları uzun müddət Osmanlıların nəzarəti altında olmuşdu. Tacirlər Osmanlı limanları vasitəsilə üç qitə ölkələrinə gedib çatabilirdilər. İstanbul şəhəri bir çox əcnəbi tacirin davamlı olaraq gəldiyi məkan idi.
Osmanlı türkləri özlərindən əvvəl mövcud olmuş dövlətlərin adət-ənənə və mədəniyyətlərindən çox təsirlənmişdilər. Belə təsirlərdən birinin nəticəsi Osmanlı mədəniyyətinin ən əsas qurumlarından biri olan vəqflərin (fondların) yaradılmasıdır. Vəqflər, sultan da başda olmaqla, dövlət xadimləri və varlı adamlar tərəfindən qurulurdu. Vəqflərin sayəsində ölkədə çoxlu sayda xeyriyyə, təhsil (məktəb və mədrəsə) və dini qurumlar meydana gəlmişdi. İslam ənənələri əsasında mühüm təhsil ocağı olan mədrəsələr yaranıb inkişaf etdirilirdi.
Fateh Sultan Mehmet İstanbulu fəth etdikdən sonra bu şəhəri dünyanın ən böyük elm mərkəzinə çevirmək istəyirdi və bu məqsədlə məşhur Sahnı-Seman (Səkkiz Mədrəsə) mədrəsəsini açdırmışdı. Mədrəsənin tələbələri orada yaşayır və pulsuz təhsil alırdılar. Fateh Sultan Mehmet İstanbuldakı mədrəsələrdə dərs demək üçün məşhur riyaziyyatçı Əli Quşçunu İstanbula dəvət etmişdi.