TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
111
Osmanlıların uzunömürlü bir dövlət qurmalarında istedadlı hökmdarlara sahib olmalarının da böyük rolu vardı. Hökmdarlar şahzadə adlandırılan övladlarını xüsusi müəllimlərin nəzarəti altında ciddi tərbiyə edirdilər. Şahzadələr erkən yaşlarından oxuma, yazma, əsas islam əxlaqı və hüquq dərsləri alırdılar. Ən əsası da, xüsusi müəllimlərin nəzarəti altında sancaq adlanan əyalətlərdə dövlət idarəetməsini təcrübi yolla öyrənirdilər. Gələcəyin hökmdarı olacaq uşaqlar burada dövlət idarəetmə prinsiplərinin əsaslarına və diplomatik yazışma qaydalarına yiyələnir, cəmiyyətlə yaxından tanış olmaq imkanı qazanırdılar.
Yaxşı təhsil və tərbiyə alaraq yetişən Osmanlı hökmdarlarının ən önəmli vəzifəsi ölkəni ədalət prinsipləri çərçivəsində idarə etmək idi. İşğal edilən torpaqlarda qeyri-müsəlman əhaliyə qarşı tolerantlıq nümayiş etdirilirdi. Qeyri-müsəlmanlar öz dinlərinə sərbəst etiqad edə bilir, əsla din dəyişdirməyə məcbur edilmirdilər. Din azadlığı hüquqi tənzimləmələrlə qorunurdu. Fateh Sultan Mehmetin Bosniya xristianlarına verdiyi haqlardan bəhs edən fərman bunun əyani nümunəsidir.
28 may 1463-cü il, Milodraz
Dünya fatehi, möhtəşəm və Ulu Sultanın parlaq möhürlü və imzalı fərmanı
Mən, Fateh Sultan xan, bütün dünyaya elan edirəm ki, barələrində bu padşah fərmanı verilən bosniyalı fransiskenlər (bosniyalılar) himayəm altındadır və əmr edirəm:
Heç kim adıçəkilən insanları, onların kilsələrini narahat etməsin və onlara zərər vurmasın. İmperiyamda hüzur içərisində olsunlar və bu köçkün vəziyyətinə düşən insanların azadlıq və əmin-amanlıq şəraitində yaşamaları təmin olunsun. Bu insanlar imperiyama daxil olan bütün məmləkətlərə dönüb qorxmadan öz monastırlarına yerləşsinlər.
Saray adamlarından, vəzirlərdən və ya məmur-lardan, qulluqçularımdan, ölkəmin vətəndaşlarından heç kim bu insanların qürurunu sındırmayacaq və onlara zərər verməyəcəkdir.
Heç kim bu insanların həyatlarına, mallarına və kilsələrinə toxunmasın, xor baxmasın və ya onları təhlükə altına salmasın.