TÜRK DÜNYASI (XIII-XV ƏSRLƏR)
107
Səlcuqlu dövlətinin zəifləməsi nəticəsində Osman Qazi müstəqillik elan edərək öz dövlətinin əsasını qoydu.
Paytaxt Söğüt və ətraflarında çox mühüm qələbələr qazanaraq, Osman Qazi öz bəyliyinin sərhədlərini, xüsusən Bizans imperiyası istiqamətində genişləndirdi. 1326-cı ildə Bursanın alınması iqtisadi və siyasi cəhətdən böyük nailiyyət oldu.
Bursanın fəthindən sonra Osmanın oğlu Orxan bəyin əsas məqsədi Dardanel boğazından (Çanaqqala) keçib, Rumelini (Balkanların tarixi adı) zəbt etmək idi. İznik və İzmit kimi mühüm Bizans şəhərlərinin tutulması Osman Qazi bəyliyinin sərhədlərini Qara dəniz və Üsküdara qədər genişləndirdi. Orxan bəy, həmçinin öz ərazilərinə Karesi bəyliyini birləşdirdi, Balıkəsir və Çanaqqalanı, Mərmərə dənizinin cənub sahillərini tutdu. Başqa bəyliklərin torpaqlarının ələ keçirilməsi Osmanlı dövlətinin dənizdə gücünün artmasına və hətta Avropa ərazisinə keçməsinə zəmin hazırladı. Bizansda baş verən qarışıqlıqdan istifadə edərək 1353-cü ildə Osmanlılar Avropa tərəfində yerləşən Çimpe qalasını tutdular. Beləliklə, gələcəkdə Vyanaya qədər fəthlər üçün önəmli addım atılmış oldu.
Osmanlıların əsas məqsədi Anadoludakı türk-müsəlman bəylikləri ilə mücadilə deyil, islam dinini yaymaq idi. Ona görə də onlar Bizans imperiyası və Avropanın başqa xristian dövlətlərini işğal etməyə çalışırdılar. Bununla da monqol hücumları səbəbindən Anadoluya köç edən türk tayfaları üçün yeni vətən əldə etməyə imkan yaranırdı.
Qırğızlar türbəsi
Bu gün İznik şəhərində Qırğızlar türbəsi adlı tarixi abidə vardır. Türbənin tikilməsinə dair iki fərqli fərziyyə mövcuddur. Birinci fərziyyəyə görə, bu bina 1331-ci ildə İznikin türklər tərəfindən fəthi zamanı Osmanlılara yardımlarına görə qırğız türklərinin şərəfinə Orxan Qazi tərəfindən tikilmişdir. Başqa bir fərziyyəyə görə isə, bina Orxan Qazi zaviyəsinə (ibadətgah) xidmət edən Mərkəzi Asiyadan gəlmiş qazilərin şərəfinə ucaldılmışdır.
Qırğızlar türbəsinin nümunəsində Türk dünyası məkanında daha hansı ortaq mədəni dəyərlərdən danışa bilərsiniz?